AZ

Qurban Qurbanov və Rəşad Sadıqovdan heç-heçəyə şərh

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 4-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Ağdam və Zirə təmsilçiləri arasında bu gün keçirilmiş oyunda qalib müəyyənləşməyib – 1:1.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Yaxşı oyun oldu, meydanda gərgin mübarizə getdi. Açığı, oyunun bitməsini istəmirdim. Bu temp daha 15-20 dəqiqə davam etsəydi, maraqlı olardı. Təəssüf ki, futbol 90 dəqiqədən ibarətdir. Texniki səhvlərimiz var idi. Qarşıda da yaxşı hazırlaşmış rəqib var idi. Məğlub da ola bilərdik, qələbə də qazana bilərdik. Nəticədə 1 xal əldə etdik. Rəşad Sadıqovu yaxşı oyuna görə təbrik edirəm və ona uğurlar arzulayıram. Öz oyunumuzdan tam razı qalmadım, amma futbolçuların əzmkarlığı xoşuma gəldi”.

Qurban Qurbanov Kamilo Duranın oyunu barədə fikirlərini də dilə gətirib:

“Ümumən, pis oynamadı. Hücumçuya xas hərəkətlər etdi və rəqib üçün təhlükəli anlar yaratdı. Ola bilsin ki, hələ tam mövqeyə uyğunlaşmayıb. Amma vaxtımız var. “Benfika”ya qarşı oynayıb-oynamayacağı barədə qərarı rəqibi tam analiz etdikdən sonra verəcəyik”.

Baş məşqçi Nəriman Axundzadənin vəziyyətinə də aydınlıq gətirib:

“Durumu pis deyil. Amma yaxın günlərdə komanda ilə məşqlərə qoşulması gözlənilmir. Çempionlar Liqasındakı ikinci oyuna qədər kollektivə qatılacağını düşünürük”.

Qurban Qurbanov “Qarabağ”ın “Neftçi”dən ayrılmış Ramil Şeydayevlə anlaşdığı barədə xəbərlərə də aydınlıq gətirib:

“Hazırda belə bir reallıq yoxdur. Zədəli futbolçularımız var, oyunçu sayı ilə bağlı çətinliklər ola bilər. Dünən eşitdim ki, “Neftçi”dən ayrılıb. Doğrudur, bu barədə düşünməyə vaxtım olub, amma hələ ki, konkretlik yoxdur. Əlbəttə, dəyərləndirəcəyik. O, bizdə oynamış futbolçudur. Hazırkı hazırlıq səviyyəsini bilmirəm. Buna da baxacağıq”.

Qurban Qurbanov Emin Mahmudovun onun millidəki rekordunu yeniləməsinə də toxunub:

“Onu təbrik etmişəm. İdmanda daimi heç nə yoxdur. Emin işgüzar, intizamlı və nümunəvi futbolçudur. Onu yenə də təbrik edirəm. Rəqəmlər o qədər də önəmli deyil. Digərlərinə də motivasiya olar ki, onun rekordunu təzələsinlər”.

Rəşad Sadıqov: “Qarabağ”dan alınan hər xal dəyərlidir”

“Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov isə heç-heçəyə belə şərh verib:

“Çox sürətli, dinamik, keyfiyyətli oyunun şahidi olduq. “Qarabağ”la keçirdiyimiz maraqlı matçlardan biri idi. Hər iki komanda çox istəkli idi. Ona görə son saniyələrə qədər emosional oyun izlədik. Qarşılaşmanın gedişatına görə qələbə qazanmaq fürsəti yaranmışdı. Çalışdıq, istədik. Təəssüf ki, qol buraxdıq. Bizim üçün yaxşı nəticədir. “Qarabağ”dan alınan hər xal dəyərlidir. Futbolçularıma təşəkkür edirəm. Növbəti oyuna köklənməliyik.

Hələ 4-cü turdur. Tək “Qarabağ”ı yox, “Sabah”ı, “Neftçi”ni, “Araz-Naxçıvan”ı, “Turan Tovuz”u da nəzərə alsaq, hər komanda çempion olmaq istəyər. Bu il liqa daha rəqabətlidir. O haqda danışmaq çox tezdir, yersizdir. Hamı çempion olmaq istəyər. “Sumqayıt” bu mövsüm necə oyun göstərir, görürsünüz. Rahatlıqla avrokuboklardan kənar qala bilərsən. Biz də bütün fikrimizi avrokuboklara vəsiqə qazanmağa yönətlmişik”.

Rəşad Sadıqov yeni transferlərin olub-olmayacağına dair sualı da cavablandırıb:

“Çox yaxşı futbolçu qarşımıza çıxsa, transfer etməyə çalışacağıq. Bu periodda bəzi oyunçular transferin son dönəminə qədər gözləyir. Elə variant olsa, istəyərik. Mövsümün əvvəlində cinahlarda Fuad Bayramov və Rövlan Muradovu fikirləşirdik. Amma hər ikisi ciddi zədə aldı. Təcili sol cinah müdafiəçisi transfer etdik. Komandalarımız bu yay çox yaxşı transferlər etdi. Bu, bizi futbol adamı kimi sevindirir, amma rəqib olaraq qayğılandırır”.

error: Məzmun qorunur!
Seçilən
6
13
arena.az

10Mənbələr