"Meydança çox pis vəziyyətdəydi. Bu da bizim üçün problemlər yaratdı. Bəzi səhvlərimiz oldu və qol buraxdıq. Bizim daha yaxşı komandamız var. Sadəcə bəxtimiz də gətirmədi".
Rekord.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 4-cü turunun “İmişli” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, rəqibə texniki məğlubiyyət veriləcəyi barədə xəbərə də münasibət bildirib:
“Rəsmi məlumat yoxdur. Nəsə demək olmaz. Belə meydançada oynamaq çox çətindir. Problemli meydançadır. Əslində, belə meydançada oynamaqdansa, süni örtüklü meydanda oynamaq daha yaxşıdır. Amma buna mən yox, federasiya qərar verir. Gözəl kompleksdir. Amma meydançanın pis durumda olması, hər şeyi alt-üst edir.
Mehdi Cənnətovun səhvinə gəlincə, o, çox təcrübəli qapıçıdır. Bu klubda da bir neçə mövsüm oynayıb. Futboldur da, səhvlər olur.
"Neftçi" Azərbaycanın böyük klublarından biridir. Oyuna maksimum hazırlaşacağıq. Xüsusi prinsipiallıq yoxdur”.