SOCAR İtaliyanın “Italiana Petroli” şirkətini almağa yaxındır.
Marja xəbər verir ki, mənbələrin “Reuters”ə verdiyi məlumata görə, “Italiana Petroli” şirkətinin təsisçi Braketti-Peretti ailəsi İtaliyanın ən böyük yanacaqdoldurma şəbəkələrindən birinə nəzarəti Dövlət Neft Şirkətinə (SOCAR) təhvil verəcək razılaşmanın imzalanmasına yaxındır.
Məlumata əsasən, SOCAR ilə sövdələşmənin gələn həftənin əvvəlində — bazar ertəsi imzalanacağı gözlənilir, lakin son dəqiqə dəyişiklikləri istisna edilmir.
Mənbələr müqavilənin maliyyə şərtlərini açıqlamayıb. Lakin daha əvvəl yayılan məlumatlara görə, Braketti-Peretti ailəsi şirkəti təxminən 2,5 milyard avro (təqribən 2,9 milyard dollar) dəyərində qiymətləndirir və şirkətin hazırda 500 milyon avro nağd vəsaiti var.
SOCAR-ı bu prosesdə İtaliyanın “Intesa Sanpaolo IMI CIB” investisiya bankı, “Italiana Petroli”nin sahiblərini isə “UniCredit” məsləhətçi qismində dəstəkləyir.
“Italiana Petroli”nin gündəlik 200 min barel emal gücünə malik neftayırma obyektləri, İtaliya ərazisində 4 500-dən çox yanacaqdoldurma məntəqəsi, həmçinin aviasiya yanacağı da daxil olmaqla iri anbar və nəqliyyat infrastrukturu mövcuddur.
Şirkət ötən il təxminən 500 milyon avro məbləğində mənfəət əldə edib.