AZ

Böyük dələduzluq işinin məhkəməsində qalmaqal – Prokuror da müttəhimin və vəkilinin hərəkətlərinə etiraz etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində Qədim Ədilovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutmayıb.

Musavat.com xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasa Qədim Ədilovun vəkili Ramin Qocayev qatılmayıb.

Vəkilin iclasa növbəti dəfə gəlməməsi zərərçəkənlərin kəskin etirazına səbəb olub. Prokuror da zərərçəkənlərin mövqeyini haqlı sayaraq, vəkilin gələcəkdə proseslərə qatılmaması halında onun barəsində ölçü götürülməsini tələb edib.

Bundan başqa, Qədim Ədilovun məhkəmənin aparılması qaydası ilə bağlı hakimə dedikləri həm zərərçəkənlərin, həm də prokurorun etirazına səbəb olub. Zərərçəkənlər müttəhimin fikirlərinin göstəriş xarakterli olmasına kəskin reaksiya veriblər. Hakim, vəkilin prosesdə iştirak etməməsini əsas gətirərək iclası 9 oktyabra qədər təxirə salıb.

Qeyd edək ki, Qədim Ədilov təxminən 30 Azərbaycan vətəndaşına qarşı külli miqdarda dələduzluqda ittiham olunur.

2021-ci ildə 17 vətəndaş Baş Prokurorluğa müraciət edərək Ədilov tərəfindən aldadılaraq vəsaitlərinin mənimsənildiyini bildiriblər. Həmin cinayət işi araşdırıldığı bir vaxtda o, Gəncə sakini Nəsrulla Cəfərovun etibarından sui-istifadə edib. Ona məxsus milyonlarla dəyəri olan asfalt zavodunu guya satmaq adı ilə etibarnamə ilə öz adına keçirib, sonra isə zavodu Nəsrulla Nəzərovdan xəbərsiz 1 milyon 750 min dollara sataraq aradan çıxıb. Bundan əlavə, zərərçəkənin on minlərlə manat nağd pulunu da ələ keçirib.

2022-ci ildə isə Qədim Ədilov Anar Məmmədov və onun tərəfdaşlarının etibarından istifadə edib. Onlardan 612 min manat aldıqdıqdan sonra əvvəlcə Türkiyəyə, daha sonra Rusiyaya qaçıb. İnterpolun xətti ilə axtarışa verilən Ədilov 2024-cü ilin fevralında Rusiyanın Kaluqa vilayətində saxlanılıb. Onun həbsinə səbəb zərərçəkən Xaləddin Yusibovun Rusiya DİN-ə rəsmi müraciəti olub. Cəmi beş gün sonra Ədilov müəyyən edilərək həbs edilib və həmin ilin oktyabrında Azərbaycana təhvil verilib.

Zərərçəkən Şahin Aslanov isə belə deyib: "Qədim Ədilov çox güclü inandırma qabiliyyətinə malikdir. O, Rusiyanın Sverdlovsk vilayətinin Serov şəhərində fəaliyyət göstərən, diaspor təşkilatının rəhbəri Mirhəbib Ağalarovu aldadaraq, guya rəhbəri olduğu "Azəri AQA" firmasının böyük taxta idxalçısı olduğunu deyib. Daha sonra Ağalarovun "Aziz" firması ilə saxta müqavilələr imzalayaraq müxtəlif firmalar adına sənədlər tərtib edib. Sonradan isə 'həmin firmalardan pul ala bilmirəm' bəhanəsi ilə malların öz firmasına yönəldilməsini istəyib. Mənə cəmi bir-iki dəfə xırda məbləğdə ödəniş etdi, amma 200 min dollardan artıq malımı apardı. Pulun ofşor hesabdan göndərilməsinə etiraz etdikdə isə açıq dedi ki, Azərbaycanda vergi vermir. Beləliklə, həm vergidən yayınır, həm də dələduzluqla məşğul olurdu. Mən pulumu tələb etdikdə isə əksinə, məni Azərbaycanda məhkəməyə verdi. Amma məhkəmədə sübut olundu ki, o, əslində dələduzdur. Onun həbs olunması xəbərini eşidəndə çox sevindim. İndi haqq-ədalətin bərpa olunacağına ümid edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
6
olaylar.az

7Mənbələr