ABŞ lideri Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı danışıqlar barədə bəhs edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında danışıb.
"Onlar (Azərbaycan və Ermənistan liderləri - red.) Oval kabinetdə söhbətə başlayarkən mövqeləri bir-birlərindən çox uzaq idi. Biz bir saat birgə olduğumuz müddətdə onların mövqeyi getdikcə yaxınlaşdı və söhbətin sonunda biz bir-birimizi bağrımıza basdıq", - deyə Tramp qeyd edib.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Bundan başqa, Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişi paraflayıblar.