Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 4-cü turu çərçivəsində “Elbasani” ilə qarşılaşıb.
“Partizani” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün 62-ci dəqiqəsində əvəzlənib.
“Partizani” 4 turdan sonra 4 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Sözügedən komanda 4 oyunda 1 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna bu ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 4 oyuna çıxıb, 1 qola imza atıb.
Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.
Bu gün digər azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi Albaniyanın “Eqnatiya” komandası da növbəti matçını keçirib. Sözügedən komanda Albaniya çempionatının 4-cü turu çərçivəsində “Tirana” ilə qarşılaşıb və 2:0 hesablı qələbəyə sevinib. Zamiq bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Eqnatiya” 4 turdan sonra 7 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. Sözügedən komanda 4 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 49 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.