Sentyabrın 21-də Bakı Slavyan Universiteti (BSU) və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə region üzrə ümumtəhsil müəssisələrində çalışan direktorlar, müəllimlər və korreksion pedaqoqlar üçün “İnklüziv və adaptiv təhsil” mövzusunda peşəkar inkişaf təlim proqramı təşkil olunub.
“İki sahil” xəbər verir ki, 30-dan artıq iştirakçının yer aldığl təlimin əvvəlində regionda inklüziv və adaptiv təhsil üzrə mövcud ehtiyacların müəyyən olunması məqsədilə müdavimlərlə diaqnostik sorğular keçirilib. Daha sonra müasir təhsil sistemində inklüziv və adaptiv yanaşmalar, disleksiya üzrə nəzəri və praktik biliklər, həmçinin təhsil mühitində əməkdaşlıq mexanizmləri ətrafında təqdimatlar təqdim olundu. Sessiyalar buzqıran fəaliyyətlər, simulyasiya və situativ tapşırıqlarla müşayiət olundu ki, bu da iştirakçıların fəal öyrənmə prosesinə cəlb olunmasına imkan yaradıb.
Təlimin sonunda iştirakçılar arasında aparılan sorğuların nəticələrinə əsasən gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunaraq bu istiqamətdə birgə fəaliyyətin zəruriliyi vurğulanıb.
BSU-nun təşkil etdiyi bu proqram inklüziv və adaptiv təhsilin regionlarda inkişafına, müəllimlərin peşəkar bacarıqlarının artırılmasına və məktəblərdə bərabər təhsil imkanlarının təmin olunmasına mühüm töhfə verir.