Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Moldovanın Rusiyadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Moldova səfiri Kişinyov rusiyalı seçki müşahidəçilərinin akkreditasiyasından imtina etməsi ilə əlaqədar Rusiya XİN-ə çağırılıb.
Qeyd olunub ki, sentyabrın 28-də Moldova parlament seçkilərində Rusiya nümayəndələrini ATƏT/DTİHB-nin monitorinq missiyasında qısamüddətli müşahidəçi kimi, habelə Rusiya Federasiyasının İctimai Palatasının üzvlərini beynəlxalq müşahidəçi qismində akkreditasiya etməkdən Moldova hakimiyyətinin əsassız imtinası ilə bağlı Moldova diplomatik missiyasının rəhbərinə kəskin etiraz edilib.
"Bu addım Kişinyov tərəfindən beynəlxalq öhdəliklərinin, xüsusən də Moldova Respublikasının tərəfdar çıxdığı 1990-cı il ATƏM Kopenhagen Sənədi və 2002-ci il MDB-nin Demokratik Seçkilər, Seçki Hüquqları və Azadlıqları Standartları üzrə Konvensiyasının kobud şəkildə pozulmasını özündə ehtiva edir. Bu, Moldova rəhbərliyinin sadiq qaldığını bəyan etdiyi demokratik dəyərlərlə bir araya sığmır və onun anti-Rusiya siyasətinin növbəti təzahürüdür. Kişinyovun bu hərəkətləri qarşıdan gələn seçkilərin legitimliyinə və səsvermə prosesinin şəffaflığına inamı ciddi şəkildə sarsıdır", - Rusiya XİN-nin məlumatında bildirilib.
O da qeyd olunub ki, Moldova hakimiyyətinin məlum qərarı ilə bağlı məsələ DTİHB rəhbərliyi ilə yanaşı, ATƏT-in qərar qəbul edən qurumlarının iclaslarında da qaldırılacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.