1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin müdafiə sənayesinə aid məxfi məlumatların xarici şirkətlərə satıldığı aşkarlanıb.
Oxu.Az bu barədə "Haber Global"a istinadla xəbər verir.
Bildirilir ki, ASELSAN da daxil olmaqla bir sıra müdafiə sənayesi qurumlarına aid ixrac-idxal məlumatları sosial şəbəkə və "Telegram" qrupları vasitəsilə yayılıb.
Faktı ilk olaraq şirkətlərin özləri müəyyən edərək Ticarət Nazirliyinə məlumat verib. Nazirlik xüsusi əməliyyat həyata keçirərək 2023-2025-ci illəri əhatə edən casusluq fəaliyyətini ifşa edib. İstintaq nəticəsində məlumatların gömrük əməkdaşları tərəfindən sızdırıldığı, daha sonra isə Şərqi Asiya ölkələrində fəaliyyət göstərən şirkətlərə satıldığı məlum olub.
Əməliyyat zamanı dördü gömrük işçisi olmaqla 10 nəfər saxlanılıb. Onlardan yeddisi dövlətin təhlükəsizliyinə dair gizli məlumatları yaymaqda təqsirləndirilərək həbs olunub, üç nəfər isə məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb.
İstintaq davam edir.