Rusiyanın hərbi təyyarələri Baltik dənizində Almaniyanın “Hamburq” freqatının üzərində iki dəfə aşağı hündürlükdə uçaraq müşahidələr aparıb.
News24.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Bundestaqdakı çıxışı zamanı bildirib.
Nazir bu hadisəni sərt tənqid edərək deyib ki, Moskva NATO ölkələrinin sərhədlərini sınaqdan keçirir. Rusiya dronlarının və hərbi təyyarələrinin Polşa və Estoniya hava məkanına daxil olması, eləcə də Almaniya freqatının üzərində uçuş aparması son bir neçə gündə rəsmi Moskva tərəfindən NATO-ya qarşı təzyiqlərin artdığını göstərir.
Boris Pistorius vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin NATO üzvlərini sınağa çəkmək və alyansın zəif tərəflərini müəyyənləşdirib, bundan istifadə etmək niyyətindədir. Lakin alyans bu təxribatlara qətiyyətlə, eyni zamanda, səbir və soyuqqanlılıqla cavab verərək Putinin məqsədlərinə çatmasına imkan verməyəcək.
Qeyd edək ki, “Hamburq” freqatı hazırda NATO-nun “Neptun Strike 25-3” genişmiqyaslı hərbi təlimində iştirak edir. Sentyabrın 26-dək davam edəcək bu çoxmillətli hərbi təlim Aralıq, Adriatik, Şimal və Baltik dənizlərini əhatə edir. Təlimə NATO-nun 13 üzv dövlətindən 10 mindən çox şəxsi heyət cəlb olunub.