İmişlidə toyda zəhərlənənlərin sayı 53 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, “Report”un Muğan bürosunun sorğusuna TƏBİB-dən cavab olaraq bildirilib ki, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 53 nəfər (4-ü uşaq olmaqla 21-i kişi, 3-ü uşaq olmaqla 32-si qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə hospitalizasiya olunub.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər (kişi) iltizamnaməsi alınaraq ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri sabit qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
18:12
İmişli rayonunda baş verən kütləvi zəhərlənmə şübhəsi ilə bağlı bəzi təfərrüat məlum olub.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Muradxanlı kəndində qeydə alınıb.
Belə ki, kənddə keçirilən kiçik toy mərasimində iştirak edənlərdən 18 nəfər zəhərlənmə şübhəsi ilə bu gün İmişli Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlar ürəkbulanma, qızdırma və ishal şikayətləri ilə xəstəxanaya müraciət ediblər. Zəhərlənmə şübhəsi olan şəxslərdən dördü azyaşlıdır.
Hazırda həmin şəxslərə tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.