ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
"Dövlət başçısı İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında bu çağırışı etdi: “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”. Cənab Prezidentin bu çağırışı yalnız bu gün ilə bağlı deyil. Azərbaycan dövlətinin başçısı 30 illik işğal dövründə ən yüksək tribunalardan, o cümlədən BMT Baş Assambleyasının sessiyalarından mütəmadi olaraq bu kimi bəyanatları səsləndirirdi".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycan reallıqlarının, dövlətimizin regionda və dünyada möhkəmlənən mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayır. Beş il bundan öncə - 2020-ci ilin bu günlərində dövlət başçısı İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistanın yeni ərazilər uğrunda müharibə planından bəhs etdiyi halda, bu gün 80-cı sessiyada otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur olduğunu diqqətə çatdırdı.
Ölkəmiz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsipi irəli sürdü, sülh müqaviləsi layihəsini Ermənistana təqdim etdi. Azərbaycanın təşəbbüsü ilə layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər danışıqlar prosesi davam etdi. Bu il avqustun 8-də Vaşinqtonda - Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da bu sənədə şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi. Ümumilikdə dövlət başçısı İlham Əliyevin avqust ayında ABŞ-a işgüzar səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır.
Bundan əlavə, son vaxtlar Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı gücləndirib. Bu ilin avqust ayından Azərbaycan Türkiyə ərazisindən Suriyaya təbii qaz tədarük etməyə başlayıb və bununla da dost ölkənin elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə azaldıb.
Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək. Vüqar Rəhimzadə hazırda azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərinin Azərbaycanın iqtisadi imkanlarının təqdimatında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi.
Prezident İlham Əliyev çıxışında bu reallıqları da diqqətə çatdırdı ki, Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı. Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi. Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.