AZ

Şəkidə ilk dəfə “Sağlamlıq Günləri” təşkil olunub

Şəki, 27 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi ilə sentyabrın 25-27-də Şəki şəhərində ilk dəfə “Şəki Sağlamlıq Günləri” təşkil olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, üç gün davam edəcək proqramın ilk günündə, sentyabrın 25-də şəhid və qazilərin ailə üzvləri üçün ödənişsiz tibbi müayinələr aparılıb.

Sentyabrın 26-da Şəki şəhər Heydər Əliyev Mərkəzində Səhiyyə Nazirliyi tərəfindən 9 DTT balı ilə qiymətləndirilən “Ürək müdaxilələrinə gətirən yol: göstərişlər və qərar mexanizmləri” mövzusunda elmi konfrans öz işinə başlayıb. Konfransda Şəki Şəhər İcra Hakimiyyəti, Şəki rayon Mərkəzi xəstəxanası və digər dövlət qurumlarının rəhbərləri, ölkənin aparıcı kardioloqları və beynəlxalq ekspertlər iştirak ediblər. Çıxışlarda ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsində tətbiq olunan müasir yanaşmalar barədə geniş məlumat verilib.

Konfransda çıxış edən ETKİ-nin direktoru, professor Gülnaz Dadaşova bildirib ki, ilk dəfə olaraq Şəkidə belə genişmiqyaslı sağlamlıq günləri keçirilir. Məqsəd region əhalisinə daha yaxın olmaq, tibbi xidmətlərin əlçatanlığını artırmaq və ən son elmi nailiyyətləri birbaşa həkimlərimiz və vətəndaşlarımızla paylaşmaqdır.

Səhiyyə Nazirliyi Səhiyyə Siyasəti Şöbəsinin müdiri Ramik Quliyev çıxışında qeyd edib ki, regionlarda keçirilən bu cür təşəbbüslər dövlətin səhiyyə siyasətinin əsas istiqamətlərindən biridir. Səhiyyə hədəfi sağlam həyat tərzinin təşviqi, profilaktik tədbirlərin gücləndirilməsi və hər bir vətəndaşın keyfiyyətli tibbi yardıma çıxışının təmin edilməsidir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri, professor Hikmət İbrahimli çıxışında vurğulayıb ki, “Sağlamlıq Günləri” təkcə tibbi tədbir deyil, həm də dövlətin vətəndaş qarşısında məsuliyyətinin göstəricisidir.

Tədbirin sonuncu günü – sentyabrın 27-də Anım Günü münasibətilə “Şəhidlər xiyabanı” ziyarət olunacaq.

 

 

Seçilən
0
3
azertag.az

4Mənbələr