AZ

Xəstəxanalarda onlayn növbə sistemi - Aktual

Azərbaycanda xəstəxanalarda onlayn növbə sisteminin tətbiqinə başlanılıb. Bu barədə Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, artıq paytaxtda bir çox xəstəxanada onlayn növbə sistemi fəaliyyətə başlayıb: "Xəstəxanalara müraciətlərin çoxluğuna görə növbələr olurdu və bu da vətəndaşlar üçün çətinlik yaradırdı. Ona görə də ilk olaraq Bakıdakı xəstəxanalar onlayn növbəyə keçdi. Vətəndaşlar evdə oturaraq öz növbələrini rahat şəkildə götürə biləcək və tibbi xidmətlərdən keyfiyyətli şəkildə istifadə edəcəklər".
Maraqlıdır, görəsən, onlayn növbə sisteminin tətbiqi xəstəxanalarda növbə problemini aradan qaldıracaqmı?
Məsələni şərh edən ekspert İlqar Hüseynli deyib ki, icbari sığorta hələlik bu məsələləri tam olaraq geniş formatda tənzimləyə bilmir: “Məsələn, regionlarda bu dəqiqə istənilən xəstəxananın qapısından girsək, icbari tibbi sığortanın əməkdaşlarının xidmət göstərdikləri pəncərə qarşısında böyük növbə görəcəyik. Çox ciddi nizamsızlıq var. Orada xəstə, hətta hətta yoluxucu xəstəlikləri olan insanlar hamısı bir yerdədirlər. Hazırda infeksion xəstəliklərin yayıldığı aylardayıq və bu cür növbələrlə yoluxmaları 10 dəfəyə qədər artırmış oluruq. Bu mənada onlayn sistemə keçid əhəmiyyətldir. Burada da suallar yaranır. Məsələn, elə xəstələr, təcili əməliyyata ehtiyacı olan insanlar var ki, onlar onlayn sistemdə qeydiyyata düşən zaman növbədə 20-23-cü adam ola bilərlər. Növbələri iki ay sonraya təsadüf edə bilər. Bundan sonra belə situasiyalarla üzləşəcəyik. Bu, məsələnin bir tərəfi. İkinci tərəfdən, regionlar, kəndlər, qəsəbələr tam olaraq onlayn sistemdə növbə götürmək üçün hazırdırmı? Bir xəstəliyi aşkarlamaq üçün, xəstəliyi diaqnostika etmək üçün bəzən bir deyil, bir neçə həkimin müayinəsinə ehtiyac olur. Belə olanda onlayn növbə götürmək istəyən xəstə hansı istisas qrupundan olan həkimin qəbuluna yazılacaq? Bütün bunlar hesab edirəm ki, çox ciddi şəkildə araşdırılmalıdır, insanlarla işləmək lazımdır, bu böyük bir prosesdir. Hər halda, bu gün hələlik nə TƏBİB, nə də İcbari Tibbi Sığorta Agentliyi tibbi sığorta sistemini tam olaraq qura bilməyiblər. Ola bilsin çətin prosesdir, mən də qura bilmərəm. Amma hər halda məsələlərə  daha operativ reaksiyalar verilməlidir, daha çevik metodlar tətbiq olunmalıdır”.

Seçilən
241
15
hafta.az

10Mənbələr