27 Sentyabr - Anım Günü ilə əlaqədar Qazax rayonunda da şəhidlərimizin xatirəsinə həsr olunmuş silsilə tədbirlər təşkil olunur.
"Unikal" xəbər verir ki, həmin tədbirlər çərçivəsində Qazax şəhərində yerləşən “Qərb Qapısı” şadlıq sarayında 27 Sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar süfrə arxasında şəhid ailələri ilə görüş keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil edilmiş görüşdə igid Vətən oğullarının əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatın məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən yolunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini salamlayıb, dəvəti qəbul edib tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirib, səmimi ürək sözlərini bölüşüb: "Bu gün bizlər siz şəhid ailələri ilə bir yerdə olmaqdan qürur duyuruq. Sizlərin bu məclisdə iştirak etməyiniz bizlərə başucalığı gətirir”, - söyləyən icra başçısı 27 Sentyabr - Anım Gününün beşinci ildönümünə həsr olunmuş tədbirin əhəmiyyətindən danışıb. İcra başçısı bugünkü görüşün təkcə şəhid ailələrinin bir süfrə ətrafında görüşməsi üçün təşkil olunmadığını, eyni zamanda, beş il əvvəl olduğu kimi, bir daha dərdlərinə məlhəm olmaq, onlara olan diqqət və qayğını, ehtiramı göstərmək üçün təşkil oldunduğunu söyləyib. İcra başçısı bildirib ki, bu gün qalib, qəhrəman xalq olaraq qürurla danışırıqsa, bu adı daşıyırıqsa, bu, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına olub, buna görə onlara borcluyuq. Rayon rəhbəri qeyd edib ki, bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdarıq. “Şəhid ailəsi bilməlidir ki, onlara göstərilən qayğı tək bu gün üçün deyil, nə qədər Azərbaycan xalqı var, Azərbaycan dövləti var şəhid ailələri daim diqqət mərkəzində olacaq. Sizin övladlarınız tarix yazdılar, tarixi yaşatdılar".
İcra başçısı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından söz açıb: "Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, Birinci vitse-prezident Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru üçün nümunə olmalıdır".
Anım Günü ilə əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və əlilləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhuna dua oxuyub, əziz xatirələrini yad ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub.
Tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə tər qərənfillər düzərək igid Vətən oğullarına olan ehtiramlarını bildiriblər.
Bakı vaxtilə saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.