AZ

Berkli Universitetində inkişaf və sülh mərkəzi yaradıldı – Umud Mirzəyev İdarə Heyətinə üzvləri arasında - FOTO

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin uzun illər çalışdığı və fəxri professor olduğu Berkli Kaliforniya Universitetində Azərbaycanın yaxın dostu, "Sülhün Kökləri" (Roots of Peace) təşkilatının təsisçisi və rəhbəri və 2023-cü ilin Dünya Ərzaq Mükafatı laureatı olan xanım Haydi Kuhnün təşəbbüsü ilə "Münaqişədən sonrakı inkişaf araşdırmaları üzrə Kühn Təşəbbüsü" mərkəzi yaradılıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, açılış mərasimində dünyanın nüfuzlu alimlərinin, müvafiq sahə üzrə ekspert-mütəxəssislərin və humanitar missiya daşıyan təşkilat liderlərinin iştirakı ilə "Kənd təsərrüfatı vasitəsilə sülhün yetişdirilməsi və sülh iqtisadiyyatının müəyyənləşdirilməsi" mövzusunda müzakirə təşkil olunub.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev də tədbirin iştirakçıları arasında olub. O, yeni yaradılan "Kühn Təşəbbüsü sülh mərkəzi"nin Xarici Müşavirlər şurasına seçilib.

Mərkəzin təsisçisi və əsas təşəbbüskarı olan Haydi Kuhn açılış nitqi ilə çıxış edib:

"Heç şübhəsiz, bu təşəbbüs təkcə Berkli Universiteti və bizim üçün deyil, bütün dünya ictimaiyyəti üçün tarixi bir məqamdır. İki onillikdən artıqdır ki, "Sülhün Kökləri" təşkilatı müharibədən zərər çəkmiş regionlarda minalı sahələri məhsuldar ərazilərə çevirmək üçün çalışır. Berkli Universitetinin dəstəyi ilə artıq bu missiyanı genişləndirmək və sülhə can atan icmalar üçün praktik həllər işləyib hazırlamaq üçün akademik mərkəzə sahibik", - deyə Haydi Kühn bildirib.

 

Berkli Kaliforniya Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Əsəd Əhməd də təşkilatçı tərəfdaş olaraq fikirlərini bölüşüb:

"Bu təşəbbüs Berkli Universitetinin münaqişədən sonrakı inkişaf sahəsində zəngin təcrübəsini və kənd təsərrüfatına yatırımları vasitəsilə sülhü dəstəkləyən Haydi Kuhnün inamlı baxışını bir araya gətirən mühüm platformadır. Şübhəsiz ki, bu mərkəzlə gələcəyə yönəlmiş sülh missiyasını dəstəkləməkdən qürur duyuruq".

"Sülhün Kökləri" təşkilatı və Berkli Universitetinin birgə əməkdaşlığı çərçivəsində əsası qoyulan bu mərkəz münaqişələrdən təsirlənmiş regionlarda kənd təsərrüfatı vasitəsilə sülhün bərqərar edilməsinə həsr olunmuş yeni bir təşəbbüsü özündə birləşdirir. Mərkəzin yaradılmasının əsas məqsədi kənd təsərrüfatı və iqtisadi inkişafı müharibədən çıxmış ölkələrdə sabitliyə aparan yollar kimi inkişaf etdirməkdən ibarətdir. Kühn Təşəbbüsü kənd təsərrüfatı elmi, təbii resursların idarə olunması, iqtisadiyyat, münaqişə araşdırmaları və beynəlxalq inkişaf kimi müxtəlif sahələrdən mütəxəssisləri bir araya gətirəcək. Sonda müharibədən zərər çəkmiş torpaqların bərpası və inkişafı naminə Haydi Kunün başlatdığı "Ağ qızılgül kampaniyası" çərçivəsində birgə qlobal çağırış edilib.

Tədbirdən sonra BAMF prezidenti Umud Mirzəyev Azərbaycan mətbuatına açıqlama verib:

"Berkli Universitetində ilk andan özümə qarşı özəl bir münasibət hiss etdim. Hər şeydən əvvəl bu özəl yanaşma dahi həmyerlimiz, dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin azərbaycanlı olmasından irəli gəlirdi. Tədbirin sonunda onun vaxtilə işlədiyi elektrik mühəndisliyi və kompüter elmləri fakültəsinin tədris korpusunda oldum. Korpusun həyətində gəzəndə böyük qürur hissi keçirirdim. Onun Bakıdakı məzarının fotosunu Universitetin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Əsəd Əhmədə xatirə olaraq təqdim etdikdən sonra, onu Bakıya dəvət etdim. Professor Əsəd Əhməd də bu təklifi yüksək qiymətləndirdiyini dilə gətirdi".

  • Berkli
  • Berkli
  • Berkli
  • Berkli
  • Berkli
  • Berkli
  • Berkli
  • Berkli
  • Berkli
  • Berkli
Seçilən
20
9
day.az

10Mənbələr