AZ

Lütfi Zadənin çalışdığı Berkli Universitetində inkişaf və sülh mərkəzi yaradılıb

Bakı, 30 sentyabr, AZƏRTAC

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin uzun illər çalışdığı və fəxri professor olduğu Berkli Kaliforniya Universitetində “Sülhün Kökləri” (“Roots of Peace”) təşkilatının təsisçisi və rəhbəri, 2023-cü ilin Dünya Ərzaq Mükafatı laureatı Heidi Kühnün təşəbbüsü ilə “Münaqişədən sonrakı inkişaf araşdırmaları üzrə Kühn Təşəbbüsü” mərkəzi yaradılıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondundan (BAMF) AZƏRTAC-a bildirilib ki, açılış mərasimində “Kənd təsərrüfatı vasitəsilə sülhün yetişdirilməsi və sülh iqtisadiyyatının müəyyənləşdirilməsi” mövzusunda müzakirə təşkil edilib.

Tədbirdə BAMF-ın prezidenti Umud Mirzəyev də iştirak edib. O, yeni yaradılan “Kühn Təşəbbüsü sülh mərkəzi”nin Xarici Müşavirlər şurasına seçilib.

Mərkəzin təsisçisi Haydi Kühn çıxış edərək bildirib ki, bu təşəbbüs təkcə Berkli Universiteti və onun komandası üçün deyil, eyni zamanda, bütün dünya ictimaiyyəti üçün tarixi əhəmiyyət daşıyır. O vurğulayıb ki, “Sülhün Kökləri” təşkilatı 20 ildən artıqdır müharibədən zərər çəkmiş əraziləri yenidən məhsuldar sahələrə çevirmək istiqamətində çalışır. Bu missiyanı genişləndirmək məqsədilə isə Berkli Universitetinin dəstəyi ilə akademik mərkəz yaradılıb.

Berkli Kaliforniya Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Əsəd Əhməd qeyd edib ki, bu təşəbbüs Berkli Universitetinin münaqişədən sonrakı inkişaf sahəsində zəngin təcrübəsi ilə kənd təsərrüfatına yatırımları vasitəsilə sülhü dəstəkləyən Haydi Kuhnün inamlı baxışını bir araya gətirən mühüm platformadır. O, əlavə edib ki, bu mərkəzlə gələcəyə yönəlmiş sülh missiyasını dəstəkləməkdən qürur duyurlar.

Sonda “Ağ qızılgül kampaniyası” çərçivəsində müharibədən zərər çəkmiş torpaqların bərpası üçün qlobal çağırış edilib.

Qeyd edək ki, “Sülhün Kökləri” təşkilatı ilə Berkli Universitetinin əməkdaşlığı nəticəsində yaradılan bu mərkəz münaqişədən təsirlənmiş regionlarda kənd təsərrüfatı vasitəsilə sülhün bərqərar edilməsinə həsr olunmuş təşəbbüsü həyata keçirir. Mərkəzin əsas məqsədi müharibədən çıxmış ölkələrdə sabitlik üçün kənd təsərrüfatını və iqtisadiyyatı inkişaf etdirməkdir. Kühn Təşəbbüsü müxtəlif sahələrdən mütəxəssisləri bir araya gətirəcək.

Tədbirdən sonra BAMF-ın prezidenti Umud Mirzəyev Azərbaycan mətbuatına açıqlama verib.

“Berkli Universitetində ilk andan özümə qarşı özəl bir münasibət hiss etdim. Hər şeydən əvvəl bu özəl yanaşma dahi həmyerlimiz, dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin azərbaycanlı olmasından irəli gəlirdi. Tədbirin sonunda onun vaxtilə işlədiyi elektrik mühəndisliyi və kompüter elmləri fakültəsinin tədris korpusunda oldum. Korpusun həyətində gəzəndə böyük qürur hissi keçirirdim. Dahi alimin Bakıdakı məzarının fotosunu universitetin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Əsəd Əhmədə xatirə olaraq təqdim etdikdən sonra, onu Bakıya dəvət etdim. Professor Əsəd Əhməd də bu təklifi yüksək qiymətləndirdiyini dilə gətirdi”, - deyə o əlavə edib.

Seçilən
18
9
azertag.az

10Mənbələr