AZ

Əməkdar artist son mənzilə yola salındı - FOTOREPORTAJ

Əməkdar artist Cabir İmanov bu gün doğmalarının, sənət dostlarının və sənətsevərlərin müşayiəti ilə son mənzilə yola salınıb.

Modern.az xəbər verir ki, Əməkdar artistlə vida mərasimi əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində keçirilib. Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimini Xalq artisti Murad Dadaşov açaraq, bu ağrılı anların nə qədər çətin və sarsıdıcı olduğundan bəhs edib. O, Cabir İmanovun Azərbaycan mədəniyyətində oynadığı roldan, onun dəyərli insani və sənətkar keyfiyyətlərindən söz açıb.

Mərhumun qardaşı Tahir İmanov da çıxış edərək qardaş itkisi ilə barışmağın nə qədər çətin olduğunu dilə gətirib:

“Hər kəs atadan, anadan yetim qalar deyirlər, amma mən qardaşdan yetim qaldım”,- deyə o söyləyib.

Həyatı boyu səhnədə yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanan Cabir İmanovun vəfatı mədəniyyət ictimaiyyəti üçün ağır itki olub. Mərasimdə Mənsum İbrahimov, Elməddin Cəfərov, Fatma Mahmudova, Dilarə Əliyeva, Nicat Rəhimov və digər sənət adamları iştirak ediblər. Onlar Cabir İmanovun sənətə verdiyi töhfələrdən, yüksək mənəvi dəyərlərindən və səhnə arxasındakı sadə, səmimi münasibətindən danışıblar.

Səssiz hüzn içində keçən vida anları onun sənətdə buraxdığı dərin izləri bir daha xatırladıb.

Vida mərasimi başa çatdıqdan sonra Cabir İmanovun cənazəsi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. Məzarı üzərinə əklillər, gül dəstələri düzülüb.

Modern.az mərhumun vida mərasimi ilə bağlı fotoları təqdim edir

 

Seçilən
3
23
modern.az

10Mənbələr