Ajans.az Sfera.az-a istinadən xəbər verir ki, Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əsasında vahid mərkəzi icra qurumunun yaradılması ehtimalı var. Belə bir təcrübə Türkiyədə mövcuddur. Böyük dövlətçilik təcrübəsinə malik olan Türkiyədə Ətraf mühit, Şəhərsalma və İqlim dəyişikliyi Nazirliyi (Çevre, şehercilik ve iklim değişikliği bakanlığı) var. Bu nazirlik həm ekologiya ilə bağlı, həm təbii ehtiyatların qorunması və işlənməsinə dair, həm də şəhərsalmaya aid dövlət siyasətini tənzimləyir, ona nəzərəti həyata keçirir. Əvvəllər Türkiyədəki bu nazirliyin səlahiyyətləri ayrı-ayrı mərkəzi icra qurumları arasında paylanmışdı. Amma 2021-ci ildən bütün salahiyyətlər bir nazirlikdə birləşdirildi. Azərbaycanda da oxşar islahatı etmək səmərəli olardı. Ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2001-ci ildə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2007-ci ildə yaradılıb. Hazırda ekologiya və təbii sərvətlər naziri vəzifəsi boşdur. Bəzi ehtimallara görə, bu nazirliklə digər mərkəzi icra qurumu birləşdirilərək yeni icra qurumu yaradılacaq. Türkiyə təcrübəsini nümunə götürsək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birləşdirilməsi uğurlu olardı. Bəs yeni nazirlik yaradılarsa bu yüksək vəzifəyə kimi təyin etmək olar? Şanslı namizədlər arasında 3 nəfərin adını çəkmək olar. Təbii ki, əsas namizəd Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevdir. A.Quliyev şəhərsalma sahəsində dərin təcrübəyə malikdir, dövlət qulluğunda fərqlənib. O, bu vəzifədə 2020-ci ilin yanvarından çalışır və uğurlu kadrlardan hesab edilir.
Digər uğurlu namizəd kimi COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri Nərmin Carçalova ola bilər. Xanım Carçalova beynəlxalq əlaqələr, iqlim siyasəti və ətraf mühit layihələrində liderlik təcrübəsinə malikdir. 2013-cü ildən Heydər Əliyev Mərkəzində Beynəlxalq Əlaqələr şöbəsində, Heydər Əliyev Fondunda ətraf mühitin mühafizəsi və iqlim fəaliyyəti üzrə layihələrin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə işləyib. 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28-də Azərbaycan pavilyonunun layihə meneceri olub.
Başqa bir namizəd kimi SOCAR-ın vitse-prezidenti və "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru vəzifəsində çalışan Əfqan İsayev nəzərdən keçirə bilər. O, 2023-cü ilin iyulundan SOCAR-ın vitse-prezidentidir. Ə.İsayev enerji sektoru, investisiya idarəçiliyi və beynəlxalq layihələrdə təcrübəli şəxs hesab edilir. O, 2009-cü ildən 2012-ci ilədək Azərbaycan İnvestisiya şirkətində icraçı direktor vəzifəsində işləyib. 2012-ci ildən etibarən SOCAR-da əmək fəaliyyətinə başlayıb və “SOCAR Georgia Investment” MMC-nin baş direktoru vəzifəsini tutub. 2013-cü ildən etibarən SOCAR prezidentinin müşaviri, eyni zamanda 2014-cü ildən etibarən “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktor vəzifəsinə təyin edilib. İsayev SOCAR-ın törəmə şirkəti olan “SOCAR Green” şirkətinin fəaliyyətinə də nəzarət edir. Şirkətin əsas məqsədi SOCAR-ın strateji bərpaolunan enerji layihələrinin effektiv idarə edilməsi, bu sahədə beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, habelə neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərməkdir.
Beləliklə, hər üç şəxs əgər islahatlar olarsa yaradılacaq quruma rəhbərlik etməyə layiqli namizədlər hesab oluna bilər.