“Həmrəylik, Bərabərlik və Davamlılıq” mövzuları Azərbaycanın da bölüşdüyü prinsiplərdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 1-də Cənubi Afrika Respublikasının Keyptaun şəhərində “Böyük iyirmilik” (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitinin açılış mərasimində çıxışı zamanı səsləndirib.
Parlamentin spikeri xatırladıb ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı nitqində ölkəmizin baxışını - beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərini təqdim edib.
Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına həyata keçirməklə, öz ərazilərini Ermənistanın 30 illik işğalından azad edərkən bu baxışa sadiq qalıb. Ermənistanla sülh prosesinə başlayarkən və bu ilin avqustunda Vaşinqtonda sülh sazişinin mətnini paraflayarkən isə onu davam etdirib.