AZ

Bu kəndlərdə yeni iş yerləri açılacaqVİDEO

Ölkədə 8 turistik kənd seçilərək turizm infrastrukturu layihəsinə daxil edilib.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət Turizm Agentliyinin seçdiyi kəndlər ən unikal bölgələrdə yerləşir. Siyahıda Qusarın Laza, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani və Astaranın Sım kəndi yer alıb. Turizm üzrə ekspert Rəhman Quliyev bildirir ki, bu kəndlər "Turistik kənd" konsepsiyasına uyğun olaraq, gələcəkdə həm daxili, həm də xarici turistlər üçün yeni marşrutların əsas hissəsinə çevriləcək.

Layihə çərçivəsində artıq bir sıra işlər görülüb. Məsələn, Astaranın Sım kəndində turizm potensialı qiymətləndirilib, kənd regionun turizm marşrutuna daxil edilib. Son iki ildə yalnız bu kəndə hər ay 2 minə yaxın turistin səfər etməsi infrastrukturun nə qədər əhəmiyyətli olduğunu göstərir. Ekspertlər hesab edirlər ki, bu cür layihələr kəndlərdə yeni iş yerləri yaradacaq, əhalinin kənddən şəhərə axınını azaldacaq.

Dünya təcrübəsində "Turistik kənd" modeli artıq özünü doğruldub. İtaliya, İndoneziya, Fransa kimi ölkələrdə bu format kəndlərin boşalmasının qarşısını alıb, əhalinin gəlirini artırıb, milli mətbəx və sənətkarlığı dirçəldib.

Rəhman Quliyev deyir ki, Azərbaycan da bu təcrübəni öz coğrafiyasına uyğunlaşdırmaqla həm regionların sosial həyatını canlandıra, həm də kənd turizmini brend səviyyəsinə qaldıra bilər.

Hazırda layihəyə daxil olan kəndlərdə həm infrastrukturun təkmilləşdirilməsi, həm də təbii və mədəni irsin qorunması istiqamətində işlər davam edir. Yeni konsepsiya başa çatdıqdan sonra bu kəndlərin hər biri Azərbaycanın turizm xəritəsində fərqli sima ilə təqdim olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
21
7
xezerxeber.az

9Mənbələr