AZ

Azərbaycanın bəzi kəndlərində yeni iş yerləri açılacaq

Ölkədə 8 turistik kənd seçilərək turizm infrastrukturu layihəsinə daxil edilib.

Operativ Media Xəzər TV-yə istinadla xəbər verir ki, Dövlət Turizm Agentliyinin seçdiyi kəndlər unikal bölgələrdə yerləşir. Siyahıya Qusarın Ləzə, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani və Astaranın Sım kəndi daxildir. Turizm üzrə ekspert Rəhman Quliyev bildirir ki, bu kəndlər "Turistik kənd" konsepsiyasına uyğun olaraq gələcəkdə həm daxili, həm də xarici turistlər üçün yeni marşrutların əsas hissəsinə çevriləcək.

Layihə çərçivəsində artıq bir sıra işlər görülüb. Məsələn, Astaranın Sım kəndində turizm potensialı qiymətləndirilib və kənd regionun turizm marşrutuna daxil edilib. Son iki ildə yalnız bu kəndə hər ay təxminən 2 min turistin səfər etməsi infrastrukturu inkişaf etdirməyin nə qədər vacib olduğunu göstərir. Ekspertlər hesab edirlər ki, bu cür layihələr kəndlərdə yeni iş yerləri yaradacaq və əhalinin kənddən şəhərə axınını azaldacaq.

Dünya təcrübəsində "Turistik kənd" modeli artıq özünü doğruldub. İtaliya, İndoneziya, Fransa kimi ölkələrdə bu format kəndlərin boşalmasının qarşısını alıb, əhalinin gəlirini artırıb və milli mətbəx ilə sənətkarlığı dirçəldib.

Rəhman Quliyev bildirir ki, Azərbaycan da bu təcrübəni öz coğrafiyasına uyğunlaşdırmaqla həm regionların sosial həyatını canlandıra, həm də kənd turizmini brend səviyyəsinə qaldıra bilər.

Hazırda layihəyə daxil olan kəndlərdə həm infrastrukturun təkmilləşdirilməsi, həm də təbii və mədəni irsin qorunması istiqamətində işlər davam edir. Yeni konsepsiya başa çatdıqdan sonra bu kəndlərin hər biri Azərbaycanın turizm xəritəsində fərqli sima ilə təqdim olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Seçilən
7
7
operativmedia.az

9Mənbələr