AZ

Rusiya təşəbbüs göstərdi, Azərbaycan maraqlarını qorudu - 10 aydan sonra əldə olunan diplomatik irəliləyiş

Tacikistanın paytaxtı Düşənbədə MDB ölkələri liderlərinin sammiti ərəfəsində oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü ikitərəfli münasibətlərin məcrasında dəyişiklik olduğunu göstərdi. Liderlərin 9 dəqiqəlik görüşündə ötən ilin dekabr ayında “Azərbaycan Hava Yolları”na məxsus mülki təyyarənin vurulması ilə bağlı məsələnin əsas mövzu olması, Rusiya prezidentinin istintaqın gedişatına hər cür dəstək göstərildiyini vurğulaması, kompensasiyanın ödənilməsi, o cümlədən bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyinə dair fikirləri səsləndirməsi Azərbaycanın son 10 ay ərzində irəli sürdüyü tələblərin yerinə yetirildiyinə dair fikir formalaşdırdı.

İLHAM.jpg

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Musavat.com-a liderlərin görüşünü şərh edərkən bildirib ki, münasibətlərdə aylardır davam edən gərginlikdən sonra ötən gün səslənən fikirlər əlaqələrin normallaşacağına işarədir:

“Bu proses 10 aydır davam edir. Təyyarə hadisəsindən sonra Azərbaycanın konkret tələbləri oldu. Haqlı etirazımız, müqavimətimiz Rusiyanın imperialist ambisiyasına görə qəbul olunmadı, çünki elə təfəkkür formalaşıb ki, Azərbaycan 200 il Rusiyanın işğalı altında olubsa, etiraz etmək haqqı olmamalıdır. Amma ötən 10 ay ərzində Azərbaycan öz maraqları naminə tələblərindən geri çəkilmədi, yeri gələndə Rusiyanın maraqlarına da konkret zərbələr vuruldu.

Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumu çərçivəsində ukraynalı jurnalist Dmitri Qordona “Heç vaxt işğalla barışmayın. Biz sırf bunu etmişik” cavabı Rusiyaya ən böyük zərbə idi. Bu, Rusiyaya daha çox təsir etdi. Rusiya gördü ki, Azərbaycan hərbi, siyasi, iqtisadi cəhətdən Ermənistan kimi ondan asılı deyil, buna görə də sona qədər müqavimət göstərir. Bu cür davranış isə Rusiyanın maraqlarına uyğun gəlmirdi, çünki Azərbaycanı itirmək bütün Cənubi Qafqazı itirmək deməkdir.

Onsuz da Gürcüstanla diplomatik əlaqəsi yoxdur. İvanişvili hakimiyyətini rusiyayönümlü hesab etsələr də, bu, belə deyil. Əgər belə olsa idi, Gürcüstan “3+3” formatında görüşlərdən birində iştirak edərdi.

Ermənistan isə qərbyönümlü siyasət aparır, 5 ildən çoxdur ki, Paşinyan hakimiyyətini çevirməyə cəhd olsa da, rusiyayönümlü müxalifət hədəfinə çata bilmir.

Azərbaycanla münasibətlər isə 10 aya yaxındır ki, gərgin olaraq davam edir. Bu, Cənubi Qafqazın itirilməsi deməkdir. Rusiya Azərbaycanın regional güc olduğunu görərək onu itirmək istəmir”.

İ.İsmayıl diqqətə çatdırıb ki, Rusiya kimi təhlükəli qonşu ilə gərgin münasibətlərdə olmaq bizim də maraqlarımıza uyğun deyil:

““Bakını, Bakının neft mədənlərini vurmaq lazımdır” kimi hədə-qorxulara məruz qalmaq istəmirik. Rusiyada milyonlarla soydaşımızın yaşaması faktını da gözardı etmək olmaz. Bütün bu amilləri nəzərə alsaq, mehriban olmasa da, normal qonşuluq əlaqələrinin olması Azərbaycanın maraqlarına uyğundur. Düşənbədə Putinin 9 dəqiqəlik çıxışının 6 dəqiqəsi ərzində məhz AZAL təyyarəsinin vurulması ilə bağlı danışmasını, istintaqın başa çatmaq üzrə olduğunu, kompensasiya ödəniləcəyini, səmada Ukraynanın pilotsuz uçuş aparatının görünməsi, Rusiyanın hava müdafiə sisteminin özündə texniki nasazlığın olması barədə dediklərini diplomatik üzr kimi qəbul edə bilərik. Putin diplomatik şəkildə Azərbaycanın maraqlarını həyata keçirəcəklərini bildirdi.

AZAL

“İstintaqı gözləyək, zamana ehtiyac var, biz daim əlaqədəyik” kimi fikirlərin səslənməsi Azərbaycanın diplomatik qələbəsidir. Prezident İlham Əliyevin görüşün təşkilinə görə təşəkkür etməsi təşəbbüsün Rusiya tərəfindən olduğunu göstərdi. Görüşlərin davam etməsinin əsasını Rusiya qoyub. Avqust ayında Mehriban Əliyevanın doğum günü ilə bağlı təbriki ilk addım hesab etmək olar. Prezident İlham Əliyev də adekvat cavab verərək Vladimir Putini ad günü münasibətilə təbrik etdi.

Oktyabrın 8-də Kremlin sözçüsü Dmitri Peskov liderlərin görüşəcəyini açıqladı. Bu o deməkdir ki, Azərbaycan öz tələblərinin arxasında sona qədər dayandı. Rusiya isə Azərbaycanı itirmək qorxusundan münasibətlərin gərgin qalmasını istəmədi, öz maraqları çərçivəsində ilk addımını atdı. Bununla yanaşı, Rusiyaya sona qədər etibar etmək olmaz, təxribata, ən azı ideoloji informasiya təbliğatına əl ata bilər. Son 10 ay ərzində Rusiya elə çatların yaranmasına səbəb olub ki, daşları yerindən elə oynadıb ki, nə o çatlar tezliklə qapanacaq, nə də o daşlar tezliklə yerinə oturacaq.

Biz Rusiyanın düşmən münasibətini ən az rusiyalı siyasi şərhçilərin, təbliğat maşınlarının simasında gördük. Buna görə də Rusiya ilə gərginliklə yox, ehtiyatlı davranmaq lazımdır. Strateji təmkin nümayiş etdirmək çox vacibdir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
22
50
musavat.com

10Mənbələr