Xəbər verdiyimiz kimi, oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya lideri Vladimir Putin ilə təkbətək görüşü olub.
Dövlət başçılarının görüşünü Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirdi ki, Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin görüşü çox maraqlı məqamlarla yadda qaldı:
"Əvvəla, təbii olaraq, iki ölkə arasındakı münasibətlərin soyuması, eləcə də bir çox politoloqların, təbliğatçıların, televiziya kanallarının və informasiya agentliklərinin bu soyumada, xüsusilə Rusiya tərəfindən rolu oldu. Biz dəfələrlə qeyd etmişik ki, dövlətlərarası münasibətlər emosiyanı sevmir, burada əsas olan dövlət ağlı, dövlət düşüncəsidir. Paralel olaraq, baş nazir müavinləri və xarici işlər nazirləri səviyyəsində təmaslar var idi. Lakin bütün diqqət iki ölkə prezidentlərinin fikirlərinə və təmaslarına yönəlmişdi və bu görüş Düşənbədə baş tutdu".
Millət vəkilinin sözlərinə görə, İlham Əliyev hər zaman olduğu kimi, milli maraqlarımızın hər şeydən öndə olduğunu və onun üçün birinci, ən vacib məsələ olduğunu bu görüşdə də qeyd etdi:
"O, təyyarə qəzası ilə bağlı ilkin danışıqların başlanmasını təklif etdi. Vladimir Putin də bu məsələyə münasibət bildirdi və bu münasibəti obyektiv saymaq olar. Putin qeyd etdi ki, istintaqın nəticələri gözlənilir və həmin gün səmada Ukraynanın üç pilotsuz uçuş aparatı görünmüşdü, onlara açılan iki atəşin özü yox, qəlpələri təyyarəyə dəyib. Rusiya Prezidenti onu da bildirdi ki, qəza ilkin olaraq Rusiya səmasında baş verdiyi üçün Azərbaycan xalqından və Prezidentdən üzr istəyib. O, həmçinin qeyd etdi ki, digər məsələlərə də obyektiv baxılacaq, kompensasiyanın ödənilməsi və bu işdə əli olan şəxslərin cəzalandırılması kimi məsələlər öz həllini tapacaq. Bu da onu deməyə əsas verir ki, Rusiya Prezidenti Azərbaycanla münasibətlərin soyumasının və pozulmasının tərəfdarı deyil".
Vüqar İskəndərov əlavə etdi ki, bu dialoq gözlənilən idi:
"Çünki Azərbaycan hazırda dünya üçün, o cümlədən Rusiya üçün də əvəzedilməz tərəfdaşdır. Azərbaycan Prezidenti bunu bütün dünyaya bəyan edib və bu, həm bəyanatlarda, həm də konkret addımlarda özünü göstərir. Azərbaycanın milli maraqları, dövlətçilik maraqları və siyasətində bütün ölkələrlə bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasdır və bu, Rusiyaya da aiddir. Cənab prezidentin Vladimir Putinlə görüşündə biz bir daha bunun şahidi olduq və ümumilikdə bu görüşü iki ölkə arasındakı münasibətlər baxımından müsbət dəyərləndirmək lazımdır".
Nuriyyə NATİQQIZI