Bu gün, 11 oktyabr, dünyada Beynəlxalq Qızlar Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis edilən bu gün qız uşaqlarının hüquqlarını qorumaq, onların təhsil, inkişaf və qərarvermə proseslərində bərabər iştirakını təmin etmək məqsədi daşıyır.
2011-ci ilin dekabr ayında verilən bu mühüm qərar 2012-ci il oktyabrın 11-dən etibarən hər il qeyd edilir. Bu günün keçirilməsi dünya üzrə müxtəlif mədəniyyətlərdə və cəmiyyətlərdə qadınların yaşadığı çətinliklərin daha geniş miqyasda müzakirəsinə və həll yollarının tapılmasına imkan tanıyır. Xüsusilə, erkən nikah problemi Beynəlxalq Qızlar Gününün mərkəzində dayanır. Orta hesabla, 20-24 yaş arasındakı hər üç qadından biri 18 yaşına çatmadan evləndirilib ki, bu da onların gələcək həyatlarını, təhsil imkanlarını və iqtisadi müstəqilliklərini ciddi şəkildə məhdudlaşdırır.
Qızların təhsildən kənarda qalması hələ də bir çox ölkədə ciddi sosial problemdir. BMT-nin məlumatına görə, dünyada 120 milyondan çox qız məktəbə getmir. Bunun səbəbləri sırasında iqtisadi çətinliklər, erkən nikahlar, mədəni stereotiplər və sosial maneələr göstərilir. Halbuki təhsilli qız uşağı gələcəyin savadlı anası, peşə sahibidir.
Azərbaycanda qız təhsilinin təməli H.Z. Tağıyevdən başlayır
Azərbaycanda qızların təhsil alması ideyası hələ XIX əsrin sonlarında mesenat Hacı Zeynalabdin Tağıyevin fəaliyyəti ilə gerçəkliyə çevrilib. O, 1901-ci ildə Qafqazda ilk qızlar məktəbini təsis edərək, cəmiyyətin ən mühüm sosial tabularından birini sındırdı.
Bu məktəb Azərbaycan maarifçiliyinin və qadın azadlığı hərəkatının əsas sütunlarından biri oldu. Burada təhsil alan qızlar sonradan müəllim, tibb bacısı, ictimai xadim kimi fəaliyyət göstərərək ölkənin sosial həyatına mühüm töhfə verdilər.
Bugün bu ənənə davam edir. Azərbaycanda qızların təhsil imkanlarının genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Xüsusilə regionlarda təhsildən yayınmanın qarşısının alınması üçün sosial layihələr, təqaüd proqramları və maarifləndirici təşəbbüslər həyata keçirilir.
Beynəlxalq Qızlar Günü bu həqiqəti bir daha xatırladır ki, qızların təhsilinə sərmayə gələcəyə sərmayə deməkdir.