AZ

Ramiz Mehdiyev işi genişlənir: “Tomsk xətti” üzə çıxır, Elton Məmmədov həbslə üzləşa bilər

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev barəsində aparılan cinayət işi getdikcə genişlənir.

News365.az-ın Müsavat-a istinadən verdiyi məlumata görə, istintaq çərçivəsində Mehdiyevin yaxın çevrəsində yer alan və müxtəlif dövrlərdə onunla birgə fəaliyyət göstərmiş şəxslərin də adları hallanır.

Onlardan biri Elton Arzuman oğlu Məmmədovdur. O, sabiq deputat, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinin sabiq müdiri və hazırda AMEA Sosial Xidmətlər şöbəsinin müdiridir.

Elton Məmmədov kimdir?
Elton Məmmədov 18 dekabr 1954-cü ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. O, Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deputatı olub, Azərbaycan Texniki Universitetində strateji inkişaf üzrə prorektor və AMEA Yüksək Texnologiyalar Parkının direktoru vəzifələrində çalışıb. Məmmədov həmçinin keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır ki, bu da onun dövlət sistemində uzun illər çoxşaxəli əlaqələrə malik olduğunu göstərir.

Rusiya ilə əlaqələr – “Tomsk xətti”
Elton Məmmədov son illər Rusiya elmi və ictimai dairələri ilə yaxın münasibətləri ilə diqqət çəkib. O, bir sıra rus dövlət və ictimai təşkilatları tərəfindən müxtəlif mükafatlara layiq görülüb:

  • 2004-cü ildə “Tomsk şəhərinin fəxri sakini” adı;

  • 2006-cı ildə Tomsk Dövlət İnşaat Arxitektorları Universitetinin fəxri professoru;

  • 2019-cu ildə həmin universitetin “fəxri məzunu” adı;

  • MDB Parlamentlərarası Assambleyasının “Содружество” (Əməkdaşlıq) ordeni;

  • Baltik Assambleyasının medalı və Çelyabinsk Traktor Zavodunun “Əməkdə fərqlənməyə görə” qızıl döş nişanı.

Bu təltiflər onun Moskva elmi-siyasi dairələri ilə sabit əlaqələrini təsdiqləyir.

Ramiz Mehdiyev işi ilə bağlı kəsişən məqamlar
Məlumatlı mənbələr bildirir ki, istintaq çərçivəsində Ramiz Mehdiyevlə bağlı bir sıra epizodlarda Elton Məmmədovun adı da keçir. Xüsusilə Akademiyanın strateji inkişaf layihələri və innovasiya proqramları çərçivəsində dövlət vəsaitlərinin bir hissəsinin şişirdilmiş xərclər, saxta müqavilələr və “elmi qrant” adı altında köçürülməsi ilə mənimsənilməsində hər iki şəxsin imza və təsdiqləri mövcuddur.

Bu əməliyyatlar Ramiz Mehdiyevə qarşı irəli sürülmüş 193-cü maddə – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) ittihamının əhatəsinə daxildir və Elton Məmmədovun da bu epizodlarda birbaşa iştirak ehtimalını gündəmə gətirir.

Mənbələr bildirir ki, söhbət milyonlarla manatlıq dövlət vəsaitlərindən gedir və Elton Məmmədovun həbsi istisna edilmir.

Seçilən
16
10
news365.az

10Mənbələr