AZ

Növbədə Əli Həsənovdur? : "Ramiz Mehdiyev təkbaşına cinayət törətməyib"

Ramiz Mehdiyevin həbsi Azərbaycan siyasi həyatında ciddi rezonans doğurub. Uzun illər Prezident Administrasiyasına rəhbərlik edən, ölkənin ideoloji və informasiya siyasətinə nəzarət edən Mehdiyev haqqında açılan cinayət işi ilə bağlı proseslər davam edir.


Cəmiyyətdə ən çox müzakirə olunan suallardan biri isə budur: Mehdiyevlə sıx əməkdaşlıq etmiş, mediada və informasiya siyasətində onun ən yaxın adamı kimi tanınan Əli Həsənov da məsuliyyətə cəlb oluna bilərmi?


Məlumdur ki, Mehdiyev dövründə mediaya, QHT-lərə nəzarət Əli Həsənov vasitəsilə həyata keçirilirdi. Ona tabe olmayanlar, fərqli mövqedə dayanan jurnalistlər və QHT təmsilçiləri haqqında müxtəlif şantaj kampaniyaları təşkil olunurdu. Həmin dövrdə bir çox media nümayəndələri və ictimai fəallar bu təzyiqlərin qurbanı olmuşdu.


Sfera.az-a danışan sabiq deputat Musa Musayev bildirib ki, Ramiz Mehdiyevin istintaqa cəlb olunması tək bir şəxslə məhdudlaşmamalıdır, çünki onun ətrafında uzun illər formalaşmış bir sistem mövcud olub:


“Ramiz Mehdiyev 4 ay ərzində sorğu-suala cəlb olunacaq. Mən düşünürəm ki, Ramiz Mehdiyev tək deyil. Prezident Administrasiyasında onun özünün əlaltıları, ətrafı, komandası var idi. Onun ətrafında vaxtilə xidmət edən, qulluq edən və onun yolu ilə gedən insanlar var. Ola bilsin ki, bu dairə genişlənsin, amma konkret olaraq kimlərdir – mən o haqda dəqiq deyə bilmərəm”.

 

 

Musayev əlavə edib ki, o, Ramiz Mehdiyevin siyasi təsirinin ən güclü olduğu illərdə onun fəaliyyətini tənqid edən azsaylı şəxslərdən biri olub.


“Mən vaxtilə Ramiz Mehdiyevin səsinin uca gəldiyi vaxtlarda onun haqqında yazmışam, 2003-cü ildə parlamentdə çıxış etmişəm o haqda", - deyən Musayev söylədi ki, R.Mehdiyevin həbsi dövlətin öz daxilində uzun illərdən bəri kök salan “köhnə idarəçilik sisteminə” qarşı aparılan mübarizənin tərkib hissəsidir:

 

"Konkret olaraq Əli Həsənovun sıra gözləyib-gözləmədiyini mən deyə bilmərəm. Sadəcə olaraq, kimin dövlətə, dövlətçiliyə xəyanəti varsa, dövlətin mənafeyini deyil, öz şəxsi maraqlarını güdübsə, o adamlar sıra ilə öz cəzalarını çəkəcəklər”.

 

Milli Məclisinin deputatı Hikmət Babaoğlunun fikrincə isə bu proses əslində uzun illər formalaşmış ictimai rəyin hüquq müstəvisində reallaşdırılmasıdır: 


“Uzun illərdir ki, Azərbaycan ictimai rəyi Ramiz Mehdiyev və onun ətrafında olan şəxslərin fəaliyyətinin hüquqi baxımdan araşdırılmasını tələb edirdi. Bu mənada hazırda Ramiz Mehdiyevə qarşı irəli sürülən üç ittiham və onun barəsində seçilən həbs qətimkan tədbiri əslində ictimai sifarişin hüquqi formada həyata keçirilməsidir. Hər bir ölkədə ictimai rəy hüququn kompasıdır və bu kompas illərdir həmin istiqaməti göstərirdi. Bu yolda dövlətin, Ali Baş Komandanın və “dəmir yumruğun” qarşısına kim çıxacaqsa, əlbəttə ki, cəzasını alacaq. Dövlət səviyyəsində mühüm postlar tutmuş Ramiz Mehdiyevin törətdiyi cinayətləri təkbaşına həyata keçirməsi mümkün deyil. Bu, komanda işi olub və dövlət çevrilişinə cəhd ittihamının özü də kollektiv xarakter daşıyır”.

 


Deputat qeyd edib ki, müəyyən xarici mərkəzlər Cənubi Qafqazda nəzarəti bərpa etmək məqsədilə müxtəlif ölkələrdə çevriliş ssenarilərini işə salmağa çalışırlar:


“Azərbaycanda da görünür, bu cəhd keçmiş oliqarxlar vasitəsilə reallaşdırılmaq istənilib. Ramiz Mehdiyevin sadiq tərəfdarları, onun ideyalarını dəstəkləyən məmurlar və oliqarxlar arasında bu prosesdə iştirak edənlər var. Hüquqi araşdırmalar davam etdikcə, həmin şəxslər də məsuliyyətə cəlb ediləcəklər”.


H. Babaoğlu onu da bildirdi ki, hüquqi proseslərə müdaxilə etmək olmaz, lakin hər kəs anlamalıdır ki, dövlət çevrilişinə cəhd kimi ağır cinayətlər fərdi yox, kollektiv xarakter daşıyır:


“Ramiz Mehdiyev bu prosesin yalnız rəhbərlərindən biridir. Onun komandasının hələ çox üzvü var və hüquq qarşısında hamı bərabər cavab verəcək”.

 

Xatırladaq ki, Ramiz Mehdiyev uzun illər ərzində Azərbaycan dövlətinin ideoloji xəttinə rəhbərlik edib. Həmin dövrdə Mehdiyevə rəğbət bəsləyən, ona "sevgi"sini ifadə edən, sadiq olduğunu göstərən çoxlu sayda deputat olub. Bunlar arasında Elşən Musayev xüsusi canfəşanlığı ilə seçilib. Onunla bərabər Tahir Kərimli, Vahid Əhmədov, Elmira Axundova da çoxlu tərifnamələr deyib. 



Bəsti Rəfizadə


Seçilən
48
9
azia.az

10Mənbələr