AZ

The Economist: Baltikyanı ölkələr və Polşa enerji sistemlərini müharibə vəziyyətinə uyğulaşdırır...

Litgrid rəhbəri: Beton müdafiə divarları və dron əleyhinə baryerlər hər yerdə olacaq...

Poliqon xəbər verir ki, The Economist jurnalı Baltikyanı ölkələr və Polşada enerji operatorlarının Rusiya tərəfindən mümkün hücumlara qarşı fövqəladə müdafiə tədbirlərinə başladığını yazır. Məqalədə bildirilir ki, Ukrayna enerji sisteminin üçdə birindən çoxu Rusiya zərbələri nəticəsində sıradan çıxıb və bu, region ölkələrini oxşar risklərə qarşı hazırlıqlarını sürətləndirməyə məcbur edib.

Rusiya dronlarının ötən ay Polşa hava məkanına daxil olmasından sonra Litva, Latviya, Estoniya və Polşa 382 milyon avroluq enerji müdafiə planının yarısının maliyyələşdirilməsi üçün Avropa İttifaqına müraciət edib.

Beton müdafiə blokları və dron baryerləri hər yerdə olacaq

Litvanın dövlət enerji operatoru Litgridin rəhbəri Rokas Masülis bildirib ki, yaxın aylarda beton mühafizə divarları, dron əleyhinə baryerlər və enerji obyektlərinin ətrafında qoruyucu hasarlar quraşdırılacaq.

“Bu, yüz milyonlarla avroya başa gələcək və demək olar ki, hər yerdə belə müdafiə elementləri olacaq”, deyə rəsmi vurğulayıb.

Litgrid, Latviya və Polşa şirkətləri Ukraynanın enerji operatoru “Ukrenerqo” ilə birgə işləyərək təhlükəsizlik təcrübəsini və infrastrukturun qorunması modellərini öyrənirlər.

Litvanın energetika naziri Jiğimantas Vaiçyunas deyib ki, partlayışa davamlı müdafiə sistemləri bir-birinə birləşdirilən “Lego kublarına bənzər beton modullardan” ibarət olacaq.

Hərbi hazırlıq və fövqəladə planlar

Tallinndən hərbi analitik Tomas Yermalaviçyus qeyd edib ki, bu müdafiə qurğularının əsas məqsədi yalnız infrastrukturu deyil, həm də təmir briqadalarını Rusiyanın təkrarlanan raket zərbələrindən qorumaqdır. Bundan əlavə, dronlara qarşı torlu baryerlər və jamming sistemləri də yerləşdirilir.

Polşanın dövlət enerji operatoru PSE artıq yeraltı milli dispetçer mərkəzinə malikdir, lakin təhlükəsizlik xidməti rəhbəri Daniel Vaqner bildirir ki, onun Varşavaya yaxın yerdə olması əlavə risk yaradır. Buna görə də gizli yerlərdə yeni yeraltı bunkerlərin tikintisi planlaşdırılır.

Vaqnerin sözlərinə görə, bu bunkerlərdə “çox böyük idarəetmə mərkəzləri” yerləşəcək və fövqəladə vəziyyətdə PSE əməkdaşlarının 60%-i avtomatik olaraq hərbi status alacaq, yəni işlərini tərk edib təhlükəsiz zonaya keçə bilməyəcəklər.

Daxili təhlükəsizlik və silahlı müdafiə

Polşada elektrik infrastrukturlarını qorumaq üçün vertolyot bölməsi yaradılır — bu bölmə həm döyüş, həm də texniki təlim keçmiş personaldan ibarət olacaq. Litvada isə polis enerji obyektlərinin müdafiəsi üzrə hazırlıqlara başlayıb: radioelektron qarşıdurma sistemləri, zenit pulemyotları və portativ raket qurğuları ilə təchiz olunur.

Ekspertlər hesab edirlər ki, Baltik regionunda enerji şəbəkələrinin qorunması yalnız mühəndislik məsələ deyil, həm də milli təhlükəsizlik prioritetinə çevrilib.

Poliqon.info

Seçilən
239
29
poliqon.info

10Mənbələr