"Çox istərdim ki, dövlət çevrilişində ittiham olunan Ramiz Mehdiyevin əleyhinə 10 il əvvəl danışıb tarix yazardı"
Millət vəkili Tənzilə Rüstəmxanlı parlamentdə çıxışı zamanı 18 Oktyabr - Müstəqilliyin bərpası günü münasibətilə təbriklərini çatdırıb. Daha sonra o, başda Ulu Öndər Heydər Əliyev olmaqla, Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini sayğı ilə andığını vurğulayıb. Həmkarı Siyavuş Novruzov isə T.Rüstəmxanlının fikirlərində yanlışlıq olduğunu bildirərək, müstəqilliyə parlamentdə 271 nəfərin səs verdiyini vurğulayıb, həmin 43 nəfərin isə referendum əleyhinə səs verdiklərini xatırladıb: "Müstəqillik başqa şeydir, referendum əleyhinə səsvermə başqa şeydir.
Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır. İclasa Ziyad Səmədzadə sədrlik edib və 350 nəfər parlament üzvündən 271 nəfəri Azərbaycan müstəqilliyinin bərpasına səs verib.
Spiker Sahibə Qafarova müzakirələrə cavab olaraq bildirib ki, çıxışlarda bəzi nöqsanlar olur:
"Buradakı çıxışlarda da bəzi nöqsanlar oldu. Mən sonra sizinlə ayrı bir məsələni də danışacam".
Daha sonra söz alan Tənzilə Rüstəmxanlı həmkarı Siyavuş Novruzovun ona etirazına cavab olaraq bildirib:
"Sahibə xanım, mənim sizə çox böyük hörmətim var, amma buna cavab verməsəm olmaz. Çünki Siyavuş Novruzov məni saxtakar adlandırdı. 1991-ci ildə 7 mart iclası SSRİ-nin bərpa edilməsinə dair referendumun keçirilməsi ilə bağlı idi, Heydər Əliyevin də təmsil olunduğu 43 nəfər həmin referendumun əleyhinə səs verdi. Mən onu vurğulamağa çalışıram.
Mən bu prosesin içindəydim, qadınlarımız ön sırada idi. Mən çox istərdim ki, Siyavuş Novruzov dövlət çevrilişində ittiham olunan Ramiz Mehdiyevin əleyhinə 10 il əvvəl danışıb tarix yazardı".
Parlament üzvü Siyavuş Novruzov söz istəsə də, spiker Sahibə Qafarova bu mövzuların plenar iclasda müzakirəsini düzgün hesab etməyib.