AZ

Messi ilə Ronaldo rekorddan doymur

Lionel Messi milli komandaların heyətində məhsuldar ötürmələrin sayına görə yeni rekord müəyyənləşdirdi – o, Argentina yığması üçün 60 qolun vurulmasında assistent kimi iştirak edib.

"Football-plus.az" xəbər verir ki, oktyabrın 15-də Fort-Loderdeyldə keçirilən yoldaşlıq oyununda Argentina Puerto-Rikonu darmadağın etdi – 6:0. Messi qol vurmasa da, iki məhsuldar ötürmə verdi. Elə bu ötürmələr də dünya rekordunu yeniləməyə bəs etdi.

Yoldaşlıq oyununa qədər Messi bu göstəricidə liderliyi amerikalı Lendon Donovan və braziliyalı Neymar ilə bölüşürdü (hərəyə 58 ötürmə). Leonun hesabında artıq 60 belə ötürmə var. O, tarixə milli komandanın heyətində bu həddə çatan ilk futbolçu kimi düşdü.

Argentinanın rəqibi darmadağın etdiyi oyunda Aleksis Makallister və Lautaro Martines dublla yadda qaldı, daha bir qolu Qonsalo Montiel vurdu, Puerto-Riko yığmasının müdafiəçisi Stiven Eçevarriya isə “qapıların yerini səhv saldı”. Messi onu rekordçu edən ötürməmi Montielə verdi, bir də Martinesin ikinci dəfə fərqlənməsinə şərait yaratdı.

Bildiyiniz kimi, Messi karyerası boyunca bütün böyük titulları qazanıb: dünya çempionluğu (2022), Amerika Kuboku (2021, 2024), Finalissima (2022), Olimpiada (2008), 4 Çempionlar Liqası, 10 İspaniya çempionluğu. Lionel “Qızıl top”un səkkizqat qalibi, futbol tarixinin ən məhsuldar oyunçularından biridi.

Hazırda “İnter Mayami”nin şərəfini qoruyan Lionel nə qədər qocalsa da, yenə də futbolsevərləri təəccübləndirməkdədi. Argentinalı ulduz MLS çempionatında bombardirlər yarışına başçılıq edir – 27 oyunda 26 dəfə fərqlənib. Son oyunlarda bir neçə dəfə dublla yadda qalıb. Argentinalının hesabında ümumilikdə 398 məhsuldar ötürmə var, təbii ki, tezliklə bu göstəricidə də 400-ə çatacaq.

Ədalət naminə deyək ki, Kriştiano Ronaldo da ondan geri qalmır. Messi ötürmə sayında zirvədədisə, əbədi rəqibi olan portuqaliyalı bu ərəfədə bir başqa rekord müəyyənləşdirdi. O, dünya çempionatının seçmə turnirlərində 41-ci qolunu vurmaqla qvatemalalı Karlos Ruisi (39) arxada qoydu. 40 yaşlı portuqaliyalı milli komandalar tarixinin də ən yaxşı bombardiridi. Milli formada artıq 143 qolu var.

Ronaldo qarşısına özünəməxsus hədəf qoyub – karyerası boyunca qol sayını 1000-ə çatdırmaq istəyir. Macarıstanla oyundakı dubl sayəsində Portuqaliya yığmasının forvardı 948-ə çatdı. Beləliklə, inanılmaz hədəfə çatmaq üçün cəmi 52 qol qalır. Çox güman, artıq gələn il Kriştiano 1000-i fəth edəcək.

Həm də burda bir maraqlı məqam var: Ronaldo faktiki özü-özü ilə yarışır. Portuqaliyalı ulduz hələ 2021-ci ildə futbol tarixinin ən yaxşı bombardiri statusuna yiyələnib. Ronaldo hələ “Yuventus”da olarkən karyerasındakı 760-cı qolu vurdu və bu göstəricidə çexoslovakiyalı Yozef Bitsanı (759) arxada qoydu. Həmin vaxtdan bəri hər vurduğu qolla öz rekordunu yeniləyir və əzəmətli 1000-ə çatmağa çalışır.

Yuxarıda Kriştianonun milli komandada qol sayına görə rekordçu olduğunu da vurğuladıq. O, bu göstəricidə də yalnız özünə məxsus olan rekordu yeniləməkdədi. Hələ 2021-ci ildə İran azərbaycanlısı Əli Daeini (109) arxada qoyub. Bundan sonra çətin ki kimsə portuqaliyalını arxada qoya. Fəaliyyətdə olan futbolçulardan yalnız hesabında 114 qol olan Messinin adını çəkmək mümkündü. Ancaq 114 hara, 143 hara?! Odu ki, Ronaldo bütün rekordlarına görə arxayın ola, karyerasını bitirə bilər. Demək olar ki, portuqaliyalının bütün rekordları əlçatmazdı!

Seçilən
55
50
football-plus.az

10Mənbələr