AZ

Ziya Babaşov dünya çempionu oldu

Azərbaycan güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşilər arasında təşkil edilmiş dünya çempionatının qalibi olub.

Arena.az xəbər verir ki, oktyabrın 20-də Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatına start verilib.

İlk yarış günündə 4 çəkidə yunan-Roma güləşi üzrə finalçılar müəyyənləşiblər.

Ziya Babaşov (63 kq) yaponiyalı Miruto Tokuhiqaya 7:1, iranlı Mohammad Navidə 3:1 hesabıyla, rusiyalı Dоrdji Şunqurtsikova isə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. Ziya yarımfinalda türkiyəli Servet Angidən də güclü olub – 2:1. Babaşov bu gün finalda moldovalı Vitali Yeryomenkoyla qarşılaşıb. Güləşçimizin ötən il keçirilmiş analoji yarışda bu çəkidə dünya çempionu, həmçinin bu il böyüklər arasında dünya və Avropa üçüncüsü olmuş rəqibiylə görüşün ilk hissəsində işlətdiyi 4 xallıq fənd mübarizədə həlledici rol oynayıb. 6:3 hesablı qələbə qazanan Ziya bu yarışda medal hesabımızı açıb. Babaşov karyerasında ilk dəfə dünya çempionu olub.

Davud Məmmədov (77 kq) debütdə macarıstanlı Levente Levaya 0:5 hesabıyla məğlub olub.

Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində iranlı Qulamreza Faruxisencaniyə 0:8 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz bu gün təsəlliverici görüşə çıxıb. O, ilk təsəlliverici görüşdə özbəkistanlı Muradcan Alimcanova 7:5 hesabıyla qalib gəlib. Həmyerlimiz ikinci təsəlliverici görüşdə isə italiyalı Leon Rivaltanı ilk xal prinsipinə əsasən (1:1) üstələyib. Vəliyev bürünc medal uğrunda qarşılaşmada amerikalı Payton Yakobsona 3:5 hesabıyla məğlub olaraq, mundialı 5-ci pillədə başa vurub.

Ayxan Mərdanov (130 kq) çinli Şuanqyu Çeni “tuş”la mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Aleksandr Melexovla bacarmayıb – 0:9.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
43
2
arena.az

3Mənbələr