UEFA Çempionlar Liqasının “Atletik”lə səfər matçı “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, kabo-verdeli futbolçu unikal nailiyyətə imza atıb.
O, bunu Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Atletik”lə oyunun 48-ci saniyəsində qol vurmaqla bacarıb. 26 yaşlı oyunçu Bilbaodakı matçın startında hesabı açıb. Bununla Andrade avrokubokların üç fərqli görüşünün 1-ci dəqiqəsində qol vurmuş ilk futbolçu olub. O, 2023-cü ilin dekabrında İsveçin “Hakken”, bu ilin yanvarında isə Rumıniyanın “Styaua” komandaları ilə qarşılaşmanın startında bunu bacarmışdı.
Leandro Andrade həm də UEFA Çempionlar Liqasında mərhum danimarkalı oyunçu Yan Sorensenin nailiyyətini geridə qoyub. 26 yaşlı vinger Bilbao təmsilçisinin qitənin bir nömrəli klub turnirində buraxdığı ən erkən qolun müəllifi olub. Yan Sorensen 1998/1999-cu illər mövsümündə Norveçin “Rusenborq” komandasının heyətində Çempionlar Liqası matçında 1 dəqiqə 25-ci saniyədə “Atletik”in qapısına yol tapıb.
Xatırladaq ki, “Qarabağ” ötən gecə qarşılaşdığı “Atletik”lə səfər oyununda hesabı açmasına baxmayaraq, 1:3 hesabı ilə uduzub.