
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uzun müddətdir ki, zərərlə işləyən "Bank BTB" ASC-nin bağlanması ehtimalına münasibət bildirib.
O, bu barədə rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında danışıb.
"Hazırda "Bank BTB"nin AMB-nin tələblərinə cavab vermədiyi hallar yoxdur. Bank dayanıqlıdır, bütün prudensial tələbələrimizə cavab verir", - deyə o qeyd edib.
Bundan başqa, baş bankir deyib ki, "Bank BTB"nin aktivlər üzrə bazar payı 1 %-dən azdır, Bankın cəlb etdiyi vəsaitlərin 96,3 %-i sığortalıdır.
"Hazırda hər hansı öroblem görmürük. Nəzarət tədbirlərimiz nəticəsində onun maliyyə dayanıqlılığı xeyli güclüdür", - deyə o əlavə edib.
Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. //report