Orta Dəhliz layihəsi hər hansı bir yolun alternativi deyil, bu dəhliz Şərqlə Qərbi birləşdirən arteriyalardan biridir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Etibarlılıqdan effektivliyə” adlı paneldə çıxşı zamanı deyib.
Onun sözlərinə görə, bir vaxtlar bəzi Qərb ölkələri Orta Dəhlizi rəqib marşrut kimi dəyərləndirirdilər.
“Lakin son illərdə həmin ölkələrin dəhlizə baxışları dəyişib və maraqları artıb. 2022-ci ildən etibarən Qərb ölkələrinin Orta Dəhlizə böyük marağı müşahidə edilir. Azərbaycan Orta Dəhliz layihəsi üzrə öhdəliklərinə sadiqdir. Azərbaycanda dəmir yolu infrastrukturu tam yenilənib, minlərlə kilometr dəmir yolları çəkilib, 9 beynəlxalq hava limanından 3-ü bu azad olunmuş ərazilərdə inşa olunub. Azərbaycan, həmçinin Gürcüstana - Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inkişafına təqribən 1 milyard dollar həcmində investsiya yatırıb”, - deyə nazir Rəşad Nəbiyev əlavə edib.
Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulayan nazir dəhlizin inkişafı üçün böyük perspektivlərin olduğunu vurğulayıb.