AZ

ABŞ "Rosneft" və "Lukoyl"a qarşı sanksiyalar tətbiq edib

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp ötən həftə özünün elan etdiyi Rusiya Prezidenti Vladimir Putinlə görüşü ləğv edib. O, bunu ABŞ Maliyyə Nazirliyinin Rusiyanın ən böyük neft şirkətləri olan "Rosneft" və "Lukoyl"a qarşı sanksiyalar tətbiq etməsi ilə demək olar ki, eyni vaxtda bəyan edib. Səbəb, ABŞ-nin fikrincə, Moskvanın Ukraynada atəşkəslə bağlı həqiqi öhdəlik götürməməsi olub.

Çərşənbə günü Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransı zamanı Tramp deyib: "Prezident Putinlə görüşü ləğv etdik. Lazım olan nəticəyə nail ola bilməyəcəyimizi düşündüm, ona görə də onu ləğv etdim. Görüşün faydasız olmasını istəmirəm. Vaxt itirmək istəmirəm".

Tramp Putinlə növbəti görüşünün "gələcəkdə" baş tuta biləcəyini bildirib, lakin vaxt çərçivəsini dəqiqləşdirməyib.

O, təəssüflə qeyd edib ki, Rusiya prezidenti ilə ünsiyyəti nəticəsiz qalır: "Mən hər dəfə Vladimirlə danışanda aramızda yaxşı söhbət olur, amma sonra heç nə baş vermir".

Xatırladaq ki, ABŞ və Rusiya prezidentlərinin avqust ayında keçirilən əvvəlki görüşü heç bir əhəmiyyətli ictimai nəticə verməyib.

Trampın Putinlə görüşünün ləğvi barədə açıqlaması ABŞ Maliyyə Nazirliyinin Rusiyanın "Rosneft" və "Lukoil" neft şirkətlərinə, eləcə də onların çoxsaylı törəmə şirkətlərinə qarşı genişmiqyaslı sanksiyaları elan etməsi praktiki olaraq eyni vaxtda baş verib.

Maliyyə Nazirliyinin rəsmi nəşrinin məlumatına görə, sanksiyalar Ukraynada müharibəyə son qoymaq üçün "Rusiyanın sülh prosesinə ciddi sadiq olmaması" səbəbindən tətbiq edilir.

Nazir Skott Bessentin dediyinə görə, "Prezident Putinin bu mənasız müharibəni dayandırmaqdan imtina etməsini nəzərə alaraq, ABŞ Maliyyə Nazirliyi Kremlin döyüş maşınını maliyyələşdirən Rusiyanın iki ən böyük neft şirkətinə qarşı sanksiyalar tətbiq edir".

Şirkətlərin ABŞ-dəki aktivləri dondurulacaq və onlarla yeni əməliyyatlar qadağan ediləcək.

Bir həftə əvvəl Böyük Britaniya Rusiyanın iki neft şirkətinə qarşı oxşar sanksiyalar tətbiq edib. Ölkənin Maliyyə naziri Reyçel Rivz qərarı açıqlayarkən deyib: "Qlobal bazarlarda Rusiya neftinə yer yoxdur". Böyük Britaniya və ABŞ 2025-ci ildə Rusiyanın "Qazprom neft" və “Surqutnefteqaz” şirkətlərinə də sanksiya tətbiq edib.

Rusiyaya qarşı niyə indi sanksiya tətbiq etmək qərarına gəldiyi ilə bağlı sualı cavablandıran Donald Tramp "Vaxtının gəldiyini düşündüm. Çoxdandır gözləyirdik" cavabını verib.

"Lukoil" və "Rosneft" ölkənin iki ən böyük neft şirkətidir və bütün Rusiya neft ixracının təxminən yarısını təşkil edir. Ekspertlərin fikrincə, ABŞ-nin onlara qarşı sanksiyaları Rusiya iqtisadiyyatına ciddi zərbədir.

Dünən həmçinin Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyib və onlar oktyabrın 23-dən qüvvəyə minib.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
74
6
azerbaijan-news.az

7Mənbələr