BAKI, 24 oktyabr. TELEQRAF
Azərbaycanda 299 şirkətə rəhbərlik edən iş adamları - Mehman Allahverdi oğlu Alməmmədov və onunla birlikdə ittiham olunan İlahim Ərəstun oğlu Mehralıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Mehman Alməmmədov ifadə verib.
Bildirib ki, ibtidai istintaqda İlahimin onun göstərişi əsasında işlər gördüyünü yazıblar: "Nə mən, nə də İlahim ifadə verməmişik. Sənədlərdə olan imzalar şəxsən mənə məxsus deyil. Mən karqo işləri görmüşəm, ölkədən xarici valyuta çıxarmışam. Amma elan olunan ittihamla razı deyiləm. Dövlətin rəsmi sənədlərini etibarsız hesab ediblər. Bizi heç kim tanımır. Müstəntiqə də dedim ki, məni niyə qurbanlıq qoyun kimi ortaya qoyursuz? Dedi, məsələni məhkəmədə həll edərsiz. Burada ifadə verənlər də bizi günahkar bilmirlər. Heç kim bizim günahlar olduğumuzu deməyib. Mən xəstəxanada insulit keçirmişdim. Normal adam idim. Burada şəkər xəstəliyinə tutuldum".
Təqsirləndirilən şəxs qeyd edib ki, Xaçmaz rayonunun Şorabad bələdiyyəsi ilə kənd yollarına çınqıl döşənməsi barədə müqaviləsi olmayıb: "Mən İlahimlə iş görmüşəm. Xaricdən şirkətim vasitəsi ilə mal gətirmişəm və İlahimə vermişəm. Daşınma ilə məşğul olmuşam. Amma İlahimin hansı iş görməsindən xəbərim olmayıb. İlahim nə iş görüb, bilmirəm. Mən qum-çınqıl işi ilə məşğul olmamışam".
Təqsirləndirilən şəxs qeyd edib ki, Xəzər Dəniz Gəmiçiliyi İdarəsi üçün xammal gətirib və onlara vasitəçi ilə çatdırıb: "Nə qədər məhsul gətirdiyimi xatırlamıram. Azərbaycan Dəmir Yolları İdarəsi üçün heç bir iş görməmişəm və belə bir müqaviləmiz olmayıb".
Daha sonra İlahim Mehralıyeva deyib ki, 11 şahid var, heç biri onları günahkar bilməyib: "Dövlət orqanlarında pulları yeyiblər, bizi də qurbanlıq qoyun kimi burada otuzdurublar. Mənim adıma çox MMC olub. Mən istintaq zamanı ifadə verməmişəm, heç bir sənədə imza atmamışam".
Hakimin "Sizin 299 şirkətimiz olub?" sualına təqsirləndirilən şəxs onları xatırlamadığını deyib.
Daha sonra sənədlərin tədqiqi mərhələsi başlayıb. İşdə olan sənədlərdən görünür ki, təqsirləndirilən şəxslərin 299 şirkət üzərində imza etmək hüquqları olub.
Bundan sonra şirkətlərin pul köçürmələrinin təsdiq edən sənədlər açıqlanıb. Sənədlərdə qeyd olunub ki, bank üzərindən Rusiya, Çin və Türkiyə respublikasına pullar köçürülüb, bu pulların ölkəyə gətirilməsi təmin olunmayıb.
Daha sonra məhkəmə istintaqının tamamlanması barədə tərəflərin fikirləri öyrənilib. Buna etiraz edilməyib. Məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul olunub.
Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin əvvəlki cəkilməyən cəzalarını hazırkı cəza ilə birləşdirməklə, Mehman Alməmmədovun 13 il, İlahim Mehralıyevin 16 il müddətinə azadlıqdan mərhum edilmələrini təklif edib. Onların barəsində əlavə cəza olaraq hər birinin 3 il müddətinə müəyyən vəzifə tutmaqdan məhrum edilməsi, cəzaların ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi istənilib.
Növbəti proses oktyabrın 28-ə təyin edilib.
İttihama görə, Mehman Alməmmədov və İlahim Mehraıiyev dövlət büdcəsindən tender yolları ilə ayrılan pulları öz şəxsi ehtiyaclarına xərcləyiblər.
İstintaqla Mehraliyev İlahim Ərəstun oğlu, Alməmmədov Mehman Allahverdi oğlu və şəxsiyyətləri istintaqla araşdırılan qeyrilərinin cinayət əlaqəsinə girərək 2017-2019-cu illər ərzində rəhbərlik etdikləri fəaliyyətsiz şirkətlərə dövlət müəssisələri tərəfindən satınalma təyinatı ilə köçürülmüş 1 milyon manatdan artıq pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaq yolu ilə mənimsəmələrinə, bununla da cinayət yolu ilə əldə etdikləri həmin pul vəsaitini leqallaşdırmalarına əsaslı şübhələr müəyyən edilib.
İstintaq sınşdələri ilə təqsirləndirilən şəxslər vəzifəli şəxslərlə əlbir olaraq tender yolları ilə dövlət büdcəsindən ayrılan pulları Türkiyədə fəaliyyət göstərən şirkətlərə köçürməklə Külli miqdarda pullarını leqallaşdırıblar.
İlahim Mehralıyev və Mehman Alməmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Mehman Allahverdi oğlu Alməmmədov və İlahim Ərəstun oğlu Mehralıyev dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunurlar.
Qeyd edək ki, iş adamı Mehman Alməmmədov Gürcüstanın Marneuli rayonunda anadan olmuş, Azərbaycan vətəndaşı Mehman Alməmmədov vergi ödəyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmış “Caspi LTD” MMC, “OCEAN-2017” MMC, “Tersavuu” MMC, “Hentomm” MMC, “Uğur Servis-H” MMC, “Simus Trade" MMC, “Klassik Trade Group" MMC, “Artech” MMC, 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Firat Ticarət” MMC, “Malibu Finans” MMC; 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Volta-M” MMC, “Koressa” MMC, “Qrand Reklam” MMC, “Kvazi S” MMC; 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Grand Star” MMC və “Proqress-SV” MMC-lərin faktiki rəhbəri olub.
Adıçəkilən sahibkarın digər şəxslərlə birgə rəhbərlik etdiyi 16 müəssisə üzrə aparılan cinayət işinin istintaqı zamanı xüsusilə külli miqdar təşkil edən vergilərin – 1 milyon 597,7 min manat vəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub.
Qeyd edək ki, Mehman Alməmmədov bir neçə il əvvəl paytaxt ərazisində quldurluq cinayətinə məruz qalmışdı. Ona hücum edən şəxs 190 min manatını götürərək qaçmışdı.
 
                        