Futbol üzrə Azərbaycan çempionatının 2025/2026-cı illər mövsümünə uğursuz başlamış “Qəbələ” Premyer Liqada 200-cü dəfə məğlub olub.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.
“Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının cari mövsümünün 9-cu turunda “Neftçi”yə 0:2 hesabı ilə uduzublar.
Bölgə təmsilçisi 549-cu oyununda 200-cü dəfə xalsız qalıb. Sözügedən kollektiv Premyer Liqadakı məğlubiyyət sayında ən çox uduzan 6-cı komandadır. Yalnız “Kəpəz”, “Turan”, “Şamaxı”, “Neftçi” və “Sumqayıt” daha çox görüşdə xalsız qalıb.
Xatırladaq ki, “Qəbələ”nin ilk məğlubiyyəti 2006-cı il avqustun 11-də “MKT-Araz”la səfər matçına təsadüf edib – 1:4.
Əyalət təmsilçisi 2025/2026-cı illər mövsümündə Premyer Liqa çərçivəsində keçirdiyi 9 oyunda cəmi 1 qələbə qazanıb, 2 heç-heçə edib, 6 görüşdən xalsız ayrılıb. Komanda 5 xalla 10-cu pillədə qərarlaşıb.

