Bərdədə raket hücumu: 5 il ötür
Ajans.az xəbər verir ki, 2020-ci il oktyabrın 27-də düşmən Bərdənin Qarayusifli kəndini “Smerç” raketləri ilə atəşə tutub. Hücum nəticəsində dinc sakinlər – Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı və Əliyeva Almaz Salah qızı şəhid olub, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Raket atəşi bir neçə yaşayış evini tamamilə dağıdıb, sakinlərə külli miqdarda ziyan dəyib. Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə üç dəfə- 5, 27 və 28 oktyabr tarixlərində Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olmuş, 112 nəfər yaralanmış, mülki infrastruktur və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər müvafiq maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaq prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Ümumilikdə, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələrinin mülki yaşayış məntəqələrini hədəfə alması nəticəsində 93 mülki şəxs (o cümlədən 54 kişi, 27 qadın və 12 uşaq) həlak olmuş, 444 nəfər (268 kişi, 109 qadın və 67 uşaq) müxtəlif dərəcəli xəsarət almışdır. Həmçinin, İkinci Qarabağ müharibəsi zamanı Gəncədə mülki əhaliyə qarşı törədilən terror əməllərinə görə ittiham olunan və özünü Qarabağda separatçıların “prezidenti” adlandıran Araik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.
