Bu ilin ilk 9 ayı ərzində Yeni Klinikanın daban testi otağında 847 min 644 topuq testi müayinəsi aparılıb. Müayinələrdən keçən yeni doğulanların sayı 169 min 529 olub və onlardan 114-nün cavabı pozitiv çıxıb.
Doğru.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Nəticələrlə bağlı yeni doğulanların valideynləri aidiyyəti tibb müəssisələrinə dəvət olunub və aşkar edilən xəstəliklərə uyğun olaraq hansı ixtisaslı həkimə müraciət etmələri barədə məlumatlandırılıblar.
TƏBİB-ə tabeli tibb müəssisələrində doğum şöbələrindən götürülən nümunələr laborator müayinə üçün Yeni Klinikaya göndərilir. Burada “Guthrie kartları” adlanan xüsusi filtr kağızlarında fenilketonuriya, qalaktozemiya, kistik fibroz, adrenogenetal sindrom və hipotireoz xəstəliklərinin izləri axtarılır. Müayinələr ixtisaslaşmış, xüsusi təlim keçmiş peşəkarlara məxsus laboratoriyada aparılır.
Test yenidoğulmuşların topuq nahiyəsindən qan nümunəsi götürməklə həyata keçirilir: vaxtında doğulan uşaqlardan doğuşdan 2 gün sonra, vaxtından tez doğulanlardan isə 1 həftə sonra. Topuq testi və müvafiq xəstəliklərin müayinə və müalicəsi icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrində təmin olunur.
DOĞRU.AZ