Azərbaycanda 300-ə yaxın şirkətə rəhbərlik edən iş adamı Mehman Alməmmədov və onunla birlikdə ittiham edilən İlahim Mehralıyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, təqsirləndirilən Mehman Alməmmədov 10 il 3 ay, İlahim Mehralıyev 14 il müddətə azadlıqdan məhrum ediliblər. Eyni zamanda, hər iki şəxs 3 il müddətə müəyyən vəzifə tutmaq hüququndan məhrum olunub.
Xatırladaq ki, bir qrup şəxsin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitini leqallaşdırması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İttihama görə, istintaqla Mehraliyev İlahim Ərəstun oğlu, Alməmmədov Mehman Allahverdi oğlu və şəxsiyyətləri istintaqla araşdırılan qeyrilərinin cinayət əlaqəsinə girərək, 2017-2019-cu illər ərzində rəhbərlik etdikləri fəaliyyətsiz şirkətlərə dövlət müəssisələri tərəfindən satınalma təyinatı ilə köçürülmüş 1 milyon manatdan artıq pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaq yolu ilə mənimsəmələrinə, cinayət yolu ilə əldə etdikləri həmin vəsaiti leqallaşdırmalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında hazırda azadlıqdan məhrumetmə növündə cəzaçəkən İlahim Mehralıyev və Mehman Alməmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən hər iki şəxsə ittiham olunduqları Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddəsi ilə bəraət verilib. Həmçinin Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsinin məsuliyyətə cəlbetmə müddəti bitdiyi üçün cəza təyin edilməyib. Digər maddə üzrə isə məhkum olunublar.
Qeyd edək ki, Gürcüstanın Marneuli rayonunda anadan olmuş, Azərbaycan vətəndaşı Mehman Alməmmədov vergi ödəyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmış "Caspi LTD" MMC, "OCEAN-2017" MMC, "Tersavuu" MMC, "Hentomm" MMC, "Uğur Servis-H" MMC, "Simus Trade" MMC, "Klassik Trade Group" MMC, "Artech" MMC; 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış "Firat Ticarət" MMC, "Malibu Finans" MMC; 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış "Volta-M" MMC, "Koressa" MMC, "Qrand Reklam" MMC, "Kvazi S" MMC; 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış "Grand Star" MMC və "Proqress-SV" MMC-lərin rəhbəri olub.
Adıçəkilən sahibkarın digər şəxslərlə birgə rəhbərlik etdiyi 16 müəssisə üzrə aparılan cinayət işinin istintaqı zamanı xüsusilə külli miqdar təşkil edən vergilərin - 1 milyon 597.7 min manat vəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub.
Xartırladaq ki, Mehman Alməmmədov bir neçə il əvvəl paytaxt ərazisində quldurluq cinayətinə də məruz qalıb. Ona hücum edən şəxs 190 min manatını götürərək qaçıb.