AZ

BMMT-nin Baş katibi ilə Cenevrə Ofisinin Baş direktoru arasında görüş keçirilib

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli 29 oktyabr tarixində BMT-nin Cenevrə Ofisinin Baş direktoru xanım Tatyana Valovaya ilə görüşüb. BMT-nin Cenevrədəki qərargahında keçirilən görüş BMMT ilə BMT sistemi arasında institusional əməkdaşlığın gücləndirilməsi məsələlərinə həsr olunub.

Bu barədə APA-ya BMMT-dən məlumat verilib.

Bildirilib ki, görüş zamanı tərəflər BMMT ilə BMT sistemi arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də təşkilatın Cenevrədəki çoxtərəfli mexanizmlərdə daha fəal iştirakının təmin olunması istiqamətində fikir mübadiləsi aparıblar. Həmçinin, BMMT-nin BMT Baş Assambleyasındakı müşahidəçi statusu qeyd olunub və bu çərçivədə fəaliyyətin daha aktiv şəkildə həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə BMT sistemi ilə fəlakət risklərinin azaldılması, fövqəladə hallara hazırlıq və humanitar fəaliyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələləri də diqqət mərkəzində olub.

Baş katib Ərgüc Kələntərli BMMT-nin fəlakət risklərinin azaldılması və dayanıqlılığın gücləndirilməsi istiqamətində BMT sistemi və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığın davam etdirilməsinin və genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Öz növbəsində xanım Tatyana Valovaya təşkilatın fəal mövqeyini yüksək qiymətləndirərək, BMMT-nin Cenevrədəki beynəlxalq proseslərdə daha geniş təmsil olunması və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib.

Tərəflər qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin və əməkdaşlıq imkanlarının genişləndirilməsinin beynəlxalq humanitar fəaliyyətə, həmçinin fəlakətlərin idarə olunması sahəsində birgə səylərə mühüm töhfə verəcəyinə əminlik ifadə ediblər.

Seçilən
32
5
apa.az

6Mənbələr