Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Vyana, 29 oktyabr, AZƏRTAC
Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) baş katibi Ərgüc Kələntərli oktyabrın 29-da BMT-nin Cenevrə Ofisinin baş direktoru Tatyana Valovaya ilə görüşüb. BMT-nin Cenevrədəki qərargahında keçirilən görüş BMMT ilə BMT sistemi arasında institusional əməkdaşlığın gücləndirilməsi məsələlərinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, görüş zamanı tərəflər BMMT ilə BMT sistemi arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də təşkilatın Cenevrədəki çoxtərəfli mexanizmlərdə daha fəal iştirakının təmin olunması istiqamətində fikir mübadiləsi aparıblar. Həmçinin BMMT-nin BMT Baş Assambleyasındakı müşahidəçi statusu qeyd olunub və bu çərçivədə fəaliyyətin daha aktiv şəkildə həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə BMT sistemi ilə fəlakət risklərinin azaldılması, fövqəladə hallara hazırlıq və humanitar fəaliyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələləri də diqqət mərkəzində olub.
Baş katib Ərgüc Kələntərli BMMT-nin fəlakət risklərinin azaldılması və dayanıqlılığın gücləndirilməsi istiqamətində BMT sistemi və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığın davam etdirilməsinin və genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Öz növbəsində xanım Tatyana Valovaya təşkilatın fəal mövqeyini yüksək qiymətləndirərək, BMMT-nin Cenevrədəki beynəlxalq proseslərdə daha geniş təmsil olunması və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün dialoqun davam etdirilməsinin vacibliyini deyib.
Tərəflər qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin və əməkdaşlıq imkanlarının genişləndirilməsinin beynəlxalq humanitar fəaliyyətə, həmçinin fəlakətlərin idarə olunması sahəsində birgə səylərə mühüm töhfə verəcəyinə əminlik ifadə ediblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.