“Qarabağ” və “Çelsi” komandaları arasında keçiriləcək Çempionlar Liqası matçının biletləri artıq satışa çıxarılıb. Lakin bilet satışını həyata keçirən İticket.az saytında ciddi texniki problem yaranıb.
Turkustan.az xəbər verir ki, 15:00-da satışa start verildikdən dərhal sonra sayta daxil olmaq istəyən azarkeşlər çətinliklə üzləşiblər. Sayta daxil ola bilənlər isə bilet seçdikdən sonra “biletlər əlçatmazdır” mesajı ilə qarşılaşırlar.
Üstəlik, əvvəlcə 10-15 manat aralığında satışa çıxarılan biletlər hazırda saytda mövcud deyil. Hazırda yalnız 40 manatdan yuxarı qiymətli biletlər görünür.
Nasazlıq artıq 1 saatdan çoxdur ki, davam edir.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” qarşılaşması noyabrın 5-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. /Yeni Sabah/