Hacıqabul-Bəhrəmtəpə-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yoluna media-tur təşkil olunub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, jurnalistlərə bildirlib ki, avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir.
Yolun ümumi uzunluğu 11,5 kilometrdir. İki hərəkət zolağından ibarət yolun eni 6 metrdir. Bu yolun inşası ötən ilin dekabrında Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən həyata keçirilib.
Qeyd edək ki, yeni yolun istifadəyə verilməsi bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə, əhalinin rahat gediş-gəlişinin təmin edilməsinə öz töhfəsini verəcək.
Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 28-də Hacıqabul-Bəhrəmtəpə-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak edib.