Rusiyada bir sıra hava limanlarında təyyarələrin hərəkətinə məhdudiyyətlər tətbiq olunub. Bu limanlara Moskvanın Vnukovo və Domodedovo hava limanları, eləcə də Volqoqrad, Kaluqa, Saratov və Yaroslavl daxildir.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako yayıb.
Məlumata görə, Vnukovo hava limanında məhdudiyyətlər Bakı vaxtı ilə saat 4:05-də, Domodedovo hava limanında isə 3:22-də qüvvəyə minib. Regional hava limanlarında oxşar tədbirlər isə 2:58-də tətbiq olunub. Korenyako bildirib ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə zəruridir.
Xatırladaq ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin şəhərə doğru uçan dörd pilotsuz təyyarənin məhv edildiyini açıqlamışdı.