Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Azərbaycanın yaşıl iqtisadiyyatı”nın maliyyələşmə proqramını işə salmaq imkanını nəzərdən keçirir. 100 milyon ABŞ dolları dəyərində olan bu təşəbbüs 5 illik müddət ərzində yerli tərəfdaş maliyyə qurumları vasitəsilə “yaşıl” maliyyələşmənin dəstəklənməsinə hədəflənib.
Qurumdan verilən məlumata əsasən, proqram təsdiqlənəcəyi halda banklara, mikromaliyyə təşkilatlarına və lizinq şirkətlərinə enerji səmərəliliyi, bərpaolunan enerji mənbələri, resurslardan səmərəli istifadə, dövri iqtisadiyyat və iqlim dayanıqlığı sahələrində layihələr həyata keçirən özəl borcalanlara kreditlər vermək üçün maliyyə vəsaitləri təqdim ediləcək.
Təşəbbüs Azərbaycanda “yaşıl” maliyyələşdirmə üzrə pilot proqram kimi nəzərdə tutulur və ölkənin “yaşıl iqtisadiyyata keçid” prosesinə töhfə verməyi hədəfləyir. Layihə yerli maliyyə institutlarının potensialını gücləndirməyə yönəlib. Bunun üçün onlara yalnız maliyyə dəstəyi deyil, həm də texniki yardım göstəriləcək ki, bu da dayanıqlı texnologiyalara yatırılan investisiyaların portfelini genişləndirməyə imkan verəcək.
Bundan əlavə, “Azərbaycanın yaşıl iqtisadiyyatı”nın maliyyələşmə təşəbbüsü “yaşıl” kreditləşmə sahəsində mövcud maneələri aradan qaldırmaq və qadınlarla kişilər üçün “yaşıl” maliyyələşdirməyə bərabər çıxışı təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, proqram 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 tədbirindən sonra Azərbaycanın ekoloji dayanıqlılıq sahəsində artan fəallığına, tənzimləyici qurumların fəal iştirakına və beynəlxalq ictimaiyyətin diqqətinin güclənməsinə əsaslanır.