Şəhid Zaman Məmmədovun anım tədbiri keçirilib
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat xidmət bildirir ki, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Zaman Habil oğlu Məmmədovun əziz xatirəsi doğulduğu Şahtaxtı kəndində, müqəddəs məzarı önündə keçirilən tədbirdə yad edilib.
Tədbir Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Kəngərli Rayon Dini icmasının sədri Qurani-Kərimdən ayələr oxuyaraq şəhidlərimizin ruhuna dualar edib.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov qeyd etmişdir ki, xalqımız 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında tarixi Qələbə qazanmışdır.
“Bu Qələbə, dövlətimizin gücünü, xalqımızın birliyini və igid oğullarımızın qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusunun rəşadəti, şəhid və qazilərimizin fədakarlığı sayəsində torpaqlarımız işğaldan azad olundu. Bu gün müstəqil Azərbaycanın hər bir vətəndaşı şəhidlərimizin göstərdiyi qəhrəmanlıqla qürur duyur və onların əziz xatirəsini daim ehtiramla anır,” – deyə rayon rəhbəri vurğulamışdır.
İcra başçı bildirib ki, bu gün ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir, onların sosial rifahının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir.
Tədbirdə daha sonra şəhid anaları, ataları, qazilər, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva və hərbi qulluqçular da çıxış edərək Zaman Məmmədovun döyüşlərdə göstərdiyi igidlikdən, vətənpərvərliyindən bəhs etmiş, onun kimi qəhrəmanların adlarının xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulamış, Şahtaxtı kənd tam orta məktəbinin şagirdləri şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər söyləmişlər.
Sonda tədbir iştirakçıları Şahtaxtı kəndindəki şəhidlərin məzarlarını ziyarət edərək məzarlarına tər qərənfillər düzüb, onların ruhuna dualar oxuyublar. Tədbir şəhid ailələri ilə birlikdə xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Bəxtiyar ƏLİTEV
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi



