Şəhid Ülvi Cəfərovun xatirəsi ehtiramla anıldı
Kəngərli rayonunun Xok kəndində Vətən müharibəsi şəhidi Ülvi Habil oğlu Cəfərovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbir şəhidin məzarı önündə baş tutub.
Tədbir bir dəqiqəlik sükut və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Dini icmanın sədri Qurani-Kərimdən ayələr oxuyaraq şəhidin ruhuna dualar edib.
Mərasimdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, aparatın əməkdaşları, Ali Məclisin deputatları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kamal Ələkbərov çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə xalqımızın birliyinin, igid oğullarımızın qəhrəmanlığının və dövlətimizin siyasi iradəsinin parlaq təntənəsidir.
O, Ulu Öndər Heydər Əliyevin “Həyatda insan hər şeyi öyrənir, iki keyfiyyətdən başqa: sədaqət və cəsarət. Bu keyfiyyətlər insanın qanında olur” kəlamını xatırladaraq qeyd edib ki, şəhidlərimizin həyat yolu bu sözlərin canlı təcəssümüdür:
“Onlar sədaqətin və cəsarətin rəmzinə çevriliblər, Vətənə sədaqətin, xalqına məhəbbətin və qorxmazlığın simvoludurlar.”
Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, dövlət tərəfindən şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərilir:
“Bu torpaqları azad edən igid oğullarımızla fəxr edirik. Onların qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq.”
Daha sonra şəhidin həyat yoluna dair məqalə səsləndirilib.
Tədbirdə şəhid valideynləri, müharibə iştirakçıları, 1-ci Qarabağ müharibəsi veteranları, müəllimlər və ziyalılar çıxış edərək Ülvi Cəfərovun igidliyindən danışıb, onun xatirəsini ehtiramla yad ediblər.
Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin şagirdləri “Ataya məktub” və “Biz nələr gördük” adlı şeirləri səsləndirib, şəhidin bacısı qızları da onun əziz xatirəsinə şeirlər söyləyiblər. Ardınca məktəblilərin təqdimatında “Bayraq” kompozisiyası nümayiş etdirilib.
Şəhidin atası Habil Cəfərov tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. Sonda Xok kəndinin şəhidlərinin məzarları ziyarət olunub, üzərlərinə tər qərənfillər düzülərək dualar oxunub.
Mərasim xatirə fotosu ilə yekunlaşıb.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Jurnalistlər Birliyi" nin üzvü
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi





