AZ

Dövlət qulluğunda sistemli problem: yüksək bal toplayan gəncin “tanışı” da olmalıdır

ain.az bildirir, Ayna portalına istinadən.

Deputat: “Niyə yüzlərlə, bəzən minlərlə gənc “ehtiyat kadr siyahısında” illərlə qalır və iş tapa bilmir?”

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət xidmətləri haqqında” Qanun layihəsi üçüncü oxunuşda müzakirə edilib. Layihə 5 fəsil və 20 maddədən ibarətdir. Qanun layihəsi dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyəcək.

Dövlət Xidmətlərinin Elektron Reyestri (bundan sonra DXER) dövlət xidmətləri barədə məlumatları əks etdirən vahid informasiya sistemidir. Bununla yanaşı, layihədə xidmət istifadəçilərinin dairəsi, onların hüquq və vəzifələri də konkret olaraq müəyyən edilib.

Dövlət xidmətlərinin göstərilməsində korrupsiya risklərinin azaldılması məqsədilə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət xidmətinə müraciətlərin ardıcıllıqla həyata keçirilməsi üçün qanun layihəsinə növbəlilik prinsipi gətirilib.

Qanun qəbul olunması ilə dövlət xidmətinin formalaşdırılmasına dair tələblər müəyyən olunacaq. Layihəyə əsasən dövlət xidməti Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edildikdən sonra həmin xidmətin göstərilməsinə yol veriləcək.

Təklif olunan layihədə dövlət xidmətinin göstərilməsi nəticəsi elektron sənəd yaxud kağız daşıyıcıda inzibati akt, hüquqmüəyyənedici və texniki sənədlər şəklində və ya informativ elektron xidmətlər üzrə məlumatın verilməsi ilə həyata keçirildiyi qeyd edilir. Layihədə öz əksini tapan vacib bir məqamda ondan ibarətdir ki, dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyən edilir. "ASAN xidmət indeks" qiymətləndirilməsi mexanizmi daha da təkmilləşdirilərək qiymətləndirilmə aparıldıqdan sonra dövlət xidmətinin keyfiyyətinə nəzarət üçün əsaslardan hesab ediləcək.

Layihənin müzakirəsi zamanı Milli Cəbhə Partiyasının sədri, deputat Razi Razi Nurullayev deyib ki, yeni qanun dövlət xidmətlərinin daha şəffaf və vətəndaş mərkəzli olmasını təmin edəcək: “Amma bu hədəflərə çatmaq üçün dövlət qulluqçusu anlayışına da yeni baxış lazımdır. Çünki qanunlar mexanizmdir, amma bu mexanizmi hərəkətə gətirən dövlət qulluqçusunun vicdanı və peşəkarlığıdır. Dövlət xidmətləri sadəcə sənəd dövriyyəsi deyil, vətəndaşla dövlətin birbaşa təmasıdır. O təmasda vətəndaşı qarşılayan dövlət qulluqçusunun davranışı dövlətin simasıdır. Buna görə də dövlət qulluğu haqqında islahatları da paralel düşünməliyik”.

“Bu gün cəmiyyətimizdə çoxsaylı gənclər var ki, dövlət qulluğuna girmək üçün illərlə hazırlaşır, imtahan verir, yüksək bal toplayır, lakin yenə də işə qəbul oluna bilmir. Bu, artıq fərdi yox, sistemli bir problemdir", - millət vəkili əlavə edib.

Deputatın qənaətincə, dövlət qulluğuna qəbul prosesi formal olaraq ədalətli görünsə də, reallıqda bir çox hallarda imtahan balı işlə təminata çevrilmir: “İnsanlar düşünür: əgər yüksək bal yığmaq belə yetərli deyilsə, bəs nə lazımdır? Bu sual təkcə həmin gəncləri deyil, bütövlükdə cəmiyyəti narahat edir. Əgər imtahan və bal obyektiv meyardırsa, niyə yüzlərlə, bəzən minlərlə gənc “ehtiyat kadr siyahısında” illərlə qalır və iş tapa bilmir? Digər tərəfdən, çox vaxt həmin vəzifələrə tanışlıqla, ya da daxildən yönləndirilən şəxslər qəbul olunur. Bu, ədalət prinsipini, dövlətin nüfuzunu və gənclərin inamını ciddi şəkildə sarsıdır. Biz gənclərə deyirik ki, oxuyun, çalışın, imtahan verin, biliklə yüksəlin. Amma sistem onlara fərqli siqnal göndərir və deyir - “bacarıq yox, münasibət vacibdir”. Belə olduqda isə dövlət xidməti olan dövlət qulluğu imtahanından yüksək bal toplamış istedadlı gənclər üçün cəlbedici yox, ümid sındıran bir məkana çevrilir”.

“Hesab edirəm ki, bu problemi həll etmək üçün, ilk növbədə imtahanı keçən hər bir namizədin yerləşdirilməsi üçün şəffaf mexanizm yaradılmalıdır. Boş yerlər real və açıq elan olunmalı, müsahibə mərhələsində subyektivlik aradan qaldırılmalıdır. Dövlət qulluğunda işləmək istəyən gənc “tanışım yoxdur” deməməlidir. O inanmalıdır ki, biliyi və zəhməti onun ən böyük dayağıdır. Bu sahədə sosial ədalət bərpa olunmadıqca, nə dövlətə inam möhkəmlənəcək, nə də cəmiyyətin gələcəyinə istədiyimiz inam. Gəlin elə bir iş quraq ki, gənc insan bu ölkədə ədalətin çox gözəl işlədiyinə öz taleyində əmin olsun”, - deyə Nurullayev vurğulayıb.

Spiker Sahibə Qafarova isə deputata bu problemlə bağlı əlində olan faktları ona təqdim etməyi tapşırıb.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
2
ayna.az

10Mənbələr