AZ

Paşinyan Parisdə Azərbaycan prezidentinin xüsusi rolundan danışdı - "Əminəm ki, seçkidə..."


VIII Paris Sülh Forumu çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan ilə “Yol ayrıcında liderlik: parçalanmış dünyada güc və sabitlik arasında keçid” adlı müzakirələr təşkil edilib. Müzakirələrdə əvvəlcə Nikol Paşinyan regiondakı son siyasi dəyişikliklər, avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişi və “Tramp marşrutu” layihəsi haqqında danışıb. Sonra o, iştirakçıların suallarını cavablandırıb.

Baş nazir qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında sülh artıq reallıqdır: “Bu sülh ABŞ prezidenti Donald Trampın şəxsi təşəbbüsü və iştirakı ilə Vaşinqtonda keçirilən Sammitin nəticəsində əldə olunub. Biz bu prosesdə ABŞ-ın rolunu yüksək qiymətləndiririk, çünki prezident Trampın şəxsi dəstəyi olmasaydı, bu nəticə mümkün olmazdı”. Onun sözlərinə görə, imzalanmış Vaşinqton Bəyannaməsi yalnız Ermənistan-Azərbaycan münasibətlərində deyil, bütövlükdə Cənubi Qafqazda tarixi dönüş nöqtəsidir. Sazişdə regionda kommunikasiyaların açılması, qarşılıqlı suverenliyin və sərhədlərin toxunulmazlığının təmin olunması kimi prinsiplər əksini tapıb. Baş nazir qeyd edib ki, “Tramp planı” çərçivəsində tərəflər ABŞ-la birgə çalışaraq, Ermənistanın və Azərbaycanın iştirak etdiyi Şərq-Qərb nəqliyyat dəhlizi üzrə razılığa gəliblər. Bu dəhliz beynəlxalq ticarət zəncirlərinə yeni nəfəs gətirəcək və region ölkələri üçün iqtisadi inkişafın mühüm təməli olacaq. Azərbaycan tərəfinin tranzit məhdudiyyətlərini ləğv etdiyini açıqlayan Paşinyan bu qərarı “tarixi addım” adlandırıb: “Biz bu qərarı çox yüksək qiymətləndiririk və Ermənistan tərəfi də öz növbəsində regional əlaqələrin qurulmasına tam hazırdır. Mən artıq bəyan etmişəm ki, Ermənistan-Türkiyə dəmir yolu bağlantısını bərpa etməyə hazıram”. Gələn il Ermənistanda keçiriləcək parlament seçkilərinə toxunan Paşinyan deyib ki, ölkə daxilindəki siyasi proseslər sülh kursunun davamlılığı üçün vacibdir: “Bəzi qüvvələr bu prosesə mane olmaq istəsələr də, mən əminəm ki, Ermənistan vətəndaşları sülhün və rifahın tərəfdarıdırlar. Biz dezinformasiya ilə mübarizə aparırıq və xalqımız bu siyasəti dəstəkləyir”. Paşinyan, həmçinin Türkiyə ilə diplomatik münasibətlərin bərpasının yaxın gələcəkdə mümkün olacağını bildirib: “Biz artıq dialoq mərhələsindəyik və mən inanıram ki, tezliklə sərhədlər açılacaq, diplomatik münasibətlər bərpa olunacaq. Bu, qaçılmaz bir prosesdir. Uzun illərdən sonra biz anlayırıq ki, region xalqlarının taleləri bir-biri ilə bağlıdır. Ermənistan, Azərbaycan və Gürcüstan eyni zamanda müstəqillik qazanıb, eyni zamanda da itirib. İndi isə biz birlikdə müstəqilliyimizi və suverenliyimizi qorumaq, birgə inkişaf etmək fürsətinə sahibik”. Bu çıxış cari ilin avqustunda Ermənistan ilə Azərbaycan arasında paraflanmış sülh sazişinin regionda yeni siyasi və iqtisadi səhifə açdığını bir daha təsdiqləyir. Eyni zamanda onu göstərir ki, Ermənistanın, indiki halda Nikol Paşinyanın taleyi getdikcə daha çox Azərbaycanla sülhdən asılı hala düşür. İstər Azərbaycanla sülhə doğru atılan addımlar, iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında keçirilən görüş,istər Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsi Paşinyanın seçicilər arasında əlavə nüfuz qazanmasına səbəb olub. Azərbaycanın bu addımını müsbət hal adlandıran və alqışlayan hakim partiyanın nümayəndələri eyni zamanda rəsmi Bakının dəstəyi ilə Rusiya asılılığından qurtulacaqlarının siqnalını da veriblər. Təbii ki, bu açıqlamalar və atılan addımlar revanşist qüvvələri və xarici təsirləri yenidən hərəkətə keçirib.

Qeyd edək ki, ölkə daxilində müxalifət, kilsə və diaspor üçlüyü baş nazirə qarşıdır və istənilən təxribata getməyə hazır olduqlarını bildirirlər. Baş nazir və hakim komanda isə bu qüvvələrin təsirini məhdudlaşdırmaq üçün inzibati və hüquq-mühafizə resurslarından istifadə edir. Eyni zamanda Paşinyanın bu addımları sülhü qorumaq üçün atdığını da söyləmək mümkündür. Bu, Baş nazirin radikal və revanşist qüvvələrin Ermənistanda yenidən hakimiyyətə qayıdışını əngəlləmək, sülh prosesində əldə edilən müsbət addımların pozulmasının qarşısını almaq üçün həyata keçirdiyi planlardır. Hazırda Ermənistandakı radikal mövqedə olan qüvvələr isə əsas etibarilə ölkədə konstitusiya dəyişikliyinə əngəl olmağa can atırlar, bunun üçün çağırışlar edirlər. Paşinyan isə Vaşinqtonda imzalanmış sənəddən parlament seçkiləri öncəsi daxili siyasi kozır kimi istifadə etmək niyyətindədir. Baş nazir özünü sülh gündəminin daşıyıcısı kimi göstərməyə çalışır, eyni zamanda mövcud proseslərlə razılaşmayanların hamısını nüfuzdan salır, onlara hücum edir. Paşinyan rəqiblərini sülh əleyhdarları kimi təqdim edir. Görünən odur ki, bu hal işə yarayır. Hər halda erməni cəmiyyətində Paşinyana artan dəstək də bunu təqsdiq edir. Bunlar fonunda 2026-cı il parlament seçkilərinin - yəni Ermənistandakı seçkilərin nəticələrinin çox önəmli olduğu, sülh üçün həlledici əhəmiyyət daşıdığı reallığı var. Sülh tərəfdarları və sabitlik istəyənlər Paşinyanın müsbət qiymətləndirirlər.

Nahid SALAYEV

Seçilən
30
50
baki-xeber.com

10Mənbələr